Sahibə Qafarova: “Sülh müqaviləsi üçün danışıqlar əldə olunan razılaşmalar müsbət addım kimi qiymətləndirilə bilər”
Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilib. AYNA-nın məlumatına görə, Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova sessiyada çıxışı zamanı bildirib ki, Azərbaycan Milli Məclisi növbəti iki il üçün Asiya Parlament Assambleyasına sədrlik edəcək: “Parlamentimizin namizədliyini dəstəklədikləri üçün Assambleyaya üzv olan bütün parlamentlərə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim üçün böyük qürurverici hadisədir. Qardaş Türkiyə parlamentinin sədri cənab Numan Kurtulmuşdan sədrliyi təhvil almaq xüsusilə sevindirici haldır. Cənab Kurtulmuşa və Türkiyə Böyük Millət Məclisinə başqanlıq dövründə göstərdikləri öhdəliyə görə hamımız adından təşəkkür edirəm. Son 6 ildə görülən böyük işlər Assambleyamızın və parlamentlərarası əməkdaşlığın inkişafı üçün çox mühüm hesab olunur. Mən həmçinin Asiya Parlament Assambleyasının Baş katibi cənab Məhəmməd Rza Məcidiyə göstərdiyi davamlı səylərə və Katibliyin səmərəli idarəçiliyinə görə təşəkkürümü bildirmək istəyirəm”.
Sədr humanitar böhranların münaqişə, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin artmasını, irqçilik və islamofobiya kimi günümüzün aktual problemlərinin Asiya regionuna mənfi təsir göstərdiyini bildirib: “Etiraf etmək lazımdır ki, bütün bu çağırışları tək- tək yox, yalnız birgə səylərlə həll etmək olar. Bu, regionumuzda sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişafa da aiddir. Müxtəlif sahələrdə əldə olunan nailiyyətlər inanıram ki, regionumuzda bu problemləri həll etmək üçün yaxşı nümunə olacaq. Asiyanın əməkdaşlıq, dialoq və həmrəylik baxımından təklif edəcəyi çox şey var. Bu mənada Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli platformadır”.
“Bu yaxınlarda, fevralın əvvəlində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi və bu seçkilər İlham Əliyevin böyük qələbəsi ilə nəticələndi. Bu seçkilərin əsas əhəmiyyəti ondan ibarət idi ki, onlar ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində keçirilib. 2020-ci ildə isə 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini 30 illik erməni işğalından azad edib, ərazi bütövlüyünü bərpa edib. Ötən ilin sentyabrında aparılan antiterror tədbirləri nəticəsində torpaqlarımızda separatizm kökü kəsilib, Azərbaycan bütün əraziləri üzərində suverenliyini bərpa edib. Bu gün Azərbaycan işğaldan azad edilmiş torpaqlarda böyük sərmayələr hesabına genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır. Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. 2026-cı ilin sonuna qədər onların sayı 140 minə çatacaq. Azərbaycan da regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün çox böyük səylər göstərir. Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. 3 ildən artıq erməni siyasi və hərbi təxribatlarından sonra sülh sazişinin imzalanması hələ də mümkündür”, - deyə spiker vurğulayıb.
S.Qafarova xatırladıb ki, bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti ilə Ermənistanın Baş naziri arasında ikitərəfli görüş olub: “Sülh müqaviləsi üçün danışıqlar və sərhədlərin delimitasiyası üzrə görüşlər üzrə əldə olunan razılaşmalar müsbət addım kimi qiymətləndirilə bilər”.
“Ümid edirik ki, Ermənistan yaxın zamanda təxribatlardan, qərəzli üçüncü tərəflərin iştirakından çəkinəcək. Bundan əlavə, Azərbaycanın ərazi bütövlüyünə qarşı öz Konstitusiyasında və digər qanunvericilik aktlarında öz əksini tapmış davam edən iddialarından əl çəkməlidir. Sülh sazişi üzrə birbaşa ikitərəfli danışıqları davam etdirməlidir. Regionda uzunmüddətli sülh və sabitliyin yeganə yolu qonşularla beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasıdır”,-deyə Qafarova vurğulayıb.