“ABŞ-ın dəstəyi Cənubi Qafqazda sabitliyin və ədalətli sülhün bərqərar olmasında müstəsna rol oynayır”
“Cənab Vensin səfəri göstərdi ki, Azərbaycan və ABŞ Cənubi Qafqaz regionunun gələcək inkişafına dair baxışları bir-birinə yaxındır. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, Xəzər dənizindən Avropaya qədər uzanan geniş bir regionun maraqlarına xidmət edir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib.
Parlament sədri bildirib ki, dünyanın ən qüdrətli dövlətlərindən biri ilə ölkəmizin əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi bir çox hallarda Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti nəticəsində mümkün olub: “Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional enerji və nəqliyyat layihələrinin əsas iştirakçısı, müstəqil xarici siyasət yürüdən bir dövlət kimi böyük nüfuz qazanmışdır."
“Regionumuzun dərin dəyişikliklərə məruz qaldığı bir şəraitdə Azərbaycan konstruktivlik və məsuliyyətli tərəfdaşlıq prinsiplərinə sadiq qalır. Biz Ermənistan və Azərbaycan arasında sülhün yaradılmasına ABŞ-ın, xüsusilə Prezident cənab Donald Trampın verdiyi töhfəni yüksək qiymətləndiririk. ABŞ-ın dəstəyi Cənubi Qafqazda sabitliyin və ədalətli sülhün bərqərar olmasında müstəsna rol oynayır. Eyni zamanda, iqtisadi inteqrasiya və əməkdaşlıq üçün yeni imkanlar açır. Əminliklə demək olar ki, səfər çərçivəsində əldə edilmiş razılaşmalar ABŞ–Azərbaycan münasibətlərinin ardıcıl və dinamik inkişafını təmin edəcək, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır” – spiker vurğulayıb.