Məmurlardan yalnız “Microsoft Teams”dan istifadə etmələri tələb olunacaq
Şotlandiya hökuməti nazirlərə və hökumət işçilərinə “WhatsApp” messencerindən rəsmi məqsədlər üçün istifadəni qadağan etmək qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə BBC Şotlandiyanın birinci nazirinin müavini Keyt Forbesin bəyanatına istinadən məlumat yayıb.
"Hökumət fəaliyyətləri təhlükəsiz olan ictimai sistemlərdə həyata keçirilməlidir və qanunla müəyyən edilmiş vəzifələrimizə uyğun olaraq məlumatın düzgün paylaşılmasına imkan verməlidir", - deyə Forbes qeyd edib.
Forbes əlavə edib ki, “WhatsApp” və digər “qeyri-korporativ” mesajlaşma sistemlərindən istifadə 2025-ci ilin yazında qadağan ediləcək.
Birinci nazirin müavininin sözlərinə görə, məmurlardan yalnız “Microsoft Teams” kimi rəsmi məqsədlər üçün hökumət tərəfindən təsdiq edilmiş proqramlardan istifadə etmələri tələb olunacaq. Onlara iş üçün şəxsi telefonlardan istifadə etmək də qadağan olunacaq. Bütün “korporativ olmayan” messencerlər yenidən quraşdırmaq imkanı olmadan nazirlərin iş mobil cihazlarından silinəcək.