Dırnaq bəzəməyin acı nəticəsi - <font color=red> Bütün qadınların başına gələ bilər</font>

Maraqlı

08.10.2019 - 16:29

Necə edək ki, gözəlləşmək istəyərkən özümüz qurbana çevrilməyək?

 

Təxminən, 50-60-cı illərdə lentə alınmış bir fransız filmi var. Adını xatırlamadığım həmin filmin sujet xətti, təxminən belədir: Bir kişinin yaraşıqlı xanımı olmasına baxmayaraq, xanımın bir əmması olur. Əmma da ondan ibarətdir ki, xanımın burnu sivridir. Dost-tanış kişiyə xanımının görünüşündəki “qüsuru” aradan qaldırmağı təklif edir. İsrarlı təkliflərdən sonra kişi xanımının burnunu əməliyyat etdirmək qərarına gəlir. Burnu əməliyyat olunandan sonra daha da gözəlləşən xanımı əri möhkəm qısqanmağa başlayır və bununla da qadının həyatı “cəhənnəmə” çevrilir.

 

Budəfəki yazımızın qəhrəmanı da gözəlləşmək istəyərkən “bəlaya düşüb”. İlhamə Qasımova adlı bu xanım əksər iş yoldaşları kimi, yaraşıqlı və baxımlı əllərə sahib olmaq eşqi ilə paytaxtda yerləşən gözəllik salonlarının birinə üz tutub. Dırnaq ustasının məsləhəti ilə əl barmaqlarının dırnaqlarına qaynaq etdirib. Əvvəlcə yaraşıqlı dırnaqlarının sevincini yaşasa da, bu sevinc çox çəkməyib. Elə həmin gecə barmaqlarında dözülməz ağrılar başlayıb. Ağrı şiddətləndikcə isə bir neçə barmağının sədəfi düşüb.

Təəssüflər olsun ki, belə hallar ilk dəfə deyil baş verir. Ətrafımızda gözəlləşmək istəyərkən eybəcər hala düşən kifayət qədər insanlar var. Hətta elə özümüz də, azı bir dəfə belə xoşagəlməz vəziyyətlə üzləşməmiş deyilik. Kimimiz dırnaq baxımı, kimimiz saç, kiprik qaynağı, kimimiz də qaş tatu etdirərkən ciddi fəsadlarla  üzləşmişik. Saçımız, kipriyimiz, qaşımız gözəl olsun deyə, saçımızdan, kiprimiyizdən, qaşımızdan olmuşuq. O cümlədən belə prosedurları etdirərkən müxtəlif xəstəliklərə, hətta Hepatitə yoluxanlar da az deyil. 

 

Deyirlər ki, gözəllik qurban tələb edir. Biz qadınlar da, sanki gözəllik naminə qurban verməyə hazırıq. Yetər ki, hər zaman gözəl və baxımlı görünək. Hətta sağlamlığımız əldən getsə belə. Bəs, yaxşı nə edək, necə edək ki, gözəlləşmək istəyərkən özümüz qurbana çevrilməyək? Bu suallarımıza gözəllik üzrə mütəxəssislə, yəni yuxarıda sadaladığımız prosedurları həyata keçirən peşəkarla AYNA tutmağa çalışmışıq.

 

Dırnaq ustası Səbalə Rüstəmova AYNA-ya açıqlamasında dırnaq qaynağı zamanı yarana biləcək problemlərdən danışıb: “Elə insanlar var ki, bir və ya bir neçə xroniki xəstəlik daşıyıcısıdır deyə, onlara dırnaq qaynağı etdirmək olmaz. Məsələn, şəkərli diabet xəstələri. Əksər dırnaq ustaları təhsilsiz olduqlarına görə bu barədə müştərilərdən soruşmurlar. Ona görə də yaxşı olar ki, xanımlar bu prosedur üçün müraciət edəndə ustaya xəstəlikləri barədə məlumat versinlər. Həmçinin nazik dırnaqlara da gel lak etmək məsləhət görülmür. Çünki gel sədəfi bərk tutduğu üçün dırnaq mayası zəif olduğuna görə zədələnə bilər.  Bəzi ustalar isə qaynaq prosesi zamanı dırnağı həddindən çox yonurlar və bu da bir sıra ciddi problemlərə səbəb olur”.

S.Rüstəmovanın sözlərinə görə, keyfiyyətsiz materiallardan istifadə edilməsi də fəsadlara yol açır: “Təəssüflər olsun ki, bizdə əksər xanımlar ucuz iş görən usta axtarırlar. Ancaq anlamırlar ki, həmin an olmasa da, bir müddətdən sonra nəinki dırnaqlarında, orqanizmlərində belə, müxtəlif xəstəliklər meydana çıxa bilər. Onu da qeyd edim ki, ustalar özləri də keyfiyyətsiz məhsullardan uzaq durmağa çalışamlıdır. Çünki həmin materiallar müştəri ilə yanaşı ustaların da sağlamlığı üçün təhlükəlidir. Azı iki ildən sonra həmin ustaların tənəffüs yollarında ciddi xəstəliklər, hətta xərçəng belə, yarana bilər”.

 

Dırnaq ustası onu da qeyd edib ki, bəzən müştərilər öz səhlənkarlıqları ucbatından fəsadlarla üzləşirlər: “Bəzi müştərilər elə zənn edirlər ki, dırnaqları qaynaq olunandan sonra onlarla rahat şəkildə davrana bilərlər. Hətta elələri var ki, həmin dırnaqdan dabankeş əvəzinə istifadə edir. Ancaq unudurlar ki, qaynaq olunmuş dırnaq daha təhlükəli sayılır və onu daha çox qorumaq lazımdır. Çünki öz dırnağımızın ən ciddi zərbələrdən qopub düşməsi riski çox azdır. Amma qaynaq olunanda ən xırda zərbələrdən belə, sədəf qopub düşə bilər. Təbii ki, müştəri bunun günahını da ustada yox, özündə görməlidir”.

Картинки по запросу dırnaq qaynağı

Müsahibimiz dırnaq qaynağı etdirən xanımlara bir neçə məsləhətlər də verib: “Yaxşı olar ki, qadınlarımız ilk növbədə salonda “avtoklav” (sterilizə aparatı – red.) olub-olmadığını soruşsunlar. “Avtoklav” olmayan salona əsla getməsinlər, çünki bu prosedurda əsas məsələlərdən biri də sterillikdir. Və ya özləri üçün manikür-pedikür alətləri ala və prosedur zamanı ancaq öz alətlərindən istifadə edilməsini tələb edə bilərlər. Sonra məsləhət görərdim ki, istifadə olunacaq materialların keyfiyyəti ilə maraqlansınlar. O cümlədən dırnaqlarının çox yonulmasına icazə verməsinlər. Belə olan halda dırnaq qaynağı prosedurunun yalnız müsbət tərəfindən yararlana bilərlər. Yəni bir ay boyunca dırnaqları səliqəli, baxımlı qalar”.

Ustanın dediklərinə görə, hazırda xanımlar arasında daha çox ayaq dırnaqları, ümumiyyətlə ayaq baxımı ilə bağlı problemlərə rast gəlinir: “Ayaqlarımız bizi idarə edən orqandır. Yaxşı olar ki, onlara xüsusi qulluq edək. Ancaq xanımlarımız nədənsə ayağa qulluğa o qədər də önəm vermirlər. Bizə daha çox ayaqlarında müxtəlif problemlər -  göbələk, eqzema olan müştərilər müraciət edir. Həmçinin dırnağı ətə girən müştərilərimiz də çox olur. Bəziləri isə naşı ustaların qurbanına çevrildikdən sonra bizə müraciət edirlər. Belə ki, çoxları pedikür prosesi zamanı dabanı, pəncələri ülgüclə kəsir. Bunu etmək isə məsləhət deyil. Çünki bu prosedurdan sonra zamanla dabanlar və pəncələr qalınlaşır, qalınlaşdıqca çatlar əmələ gəlir və dözülməz ağrılar verir”.

Həmsöhbətimiz onu da əlavə edib ki, dırnaqlarda yaranmış bir sıra problemlər daxili xəstəliklərdən də qaynaqlanır: "İraqdan bir müşətimiz var idi, ayaq barmaqları çox pis vəziyyətə düşmüşdü. İndiyədək ona bildirmişdilər ki, dırnaqlarının o halda olması şəkər xəstəliyi ilə əlaqəlidir. Ancaq bizə müraciət edəndə ona daxili xəstəliyinin olub-olmamasını yoxlatdırmağı məsləhət gördüm. Qadın növbəti dəfə gələndə təşəkkür etdi ki, bəs müayinə olunub və onda ciddi qadın xəstəliyi aşkarlanıb. Xəstəliyini müalicə etdirdi, bununla yanaşı bizdə də dırnaqları müalicə olundu və nəticədə həm sağlamlığına, həm də gözəlliyinə qovuşdu".

S.Rüstəmova dırnağı ətə keçən insanlar üçün vacib bir məlumat da verib: “Dünyanın bir çox ölkəsində dırnaq mayası ətə batan şəxslər üçün dırnaq breketindən istifadə olunur. Bu üsulla onlar bu “bəladan” xilas olurlar. Ancaq bu, çox bahalı prosedurdur. Buna baxmayaraq, biz dırnaqlarda breket üsulunu da tətbiq edirik. Çalışırıq ki, xanımlarımızın ayaqları onları yarıyolda qoymasın, ömürlərinin sonuna qədər onlara yoldaşlıq etsinlər. Bir sözlə, xanımları təkcə gözəlləşdirməyək, həmçinin sağlamlıqlarının keşiyində duraq”.

 

Müəllif: Rumiyyə Miraslan