“Yazıq” Siyavuşa yardım edək!

Maraqlı

29.12.2023 - 17:45

Bizim üçün 10 qəpik heç nədir, amma onlar üçün...

Deputatlarımız bizi heç nə ilə sevindirmir, amma heç olmasa incitməinlər. Özü də Yeni İldən əvvəl. Öz dərdlərimiz kifayət eləmirdi, indi də onların acı taleyi haqqında düşünməliyik. Axı bütün problemlərimizi onların üzərinə yıxaraq, onları “məhv” etmişik.

Biz çoxuq, amma onlar bütün ölkədə cəmi 125 nəfərdir. Və bizim zəngin dövlətimizə, mərhəmətli xalqımıza yaraşmaz ki, bizim seçilmiş nümayəndələrimizi incidək. Gör onlar nə gündədirlər ki, kredit boyunduruğuna giriblər, üstəlik, kredit faizlərini belə, ödəyə bilmirlər. Deməli, onda biz təcili həll yolu axtarmalıyıq.

Lakin, gəlin bunu sıra ilə götürək. Dünən İlya İlf və Yevgeni Petrovun “On iki stul” ölməz əsərindəki personajların sitatlarından heç də az yayılmayan ifadələri ilə tanınan “fikir nəhəngi”, Milli Məclisin deputatı Siyavuş Novruzov “göz yaşları axıtdı” – sən demə, maaşları rahat yaşamaq üçün kifayət etmir və deputatların əksəriyyəti kredit bataqlığında qalıb.

“Hazırda deputatlar 5 min manata yaxın maaş alırlar”, - deyə o, "Musavat TV"-nin efirində etiraf edib.

Və şikayətlənib: “Bizim 13-cü maaşımız yoxdur. Əvvəllər ildə 3 dəfə maaş qədər bonuslar alırdıq, sonra bu da ləğv olundu”.

Təsəvvür edin, yazıq deputatların “elə olur ki, ayın sonuna kimi maaşları çatmır”, çoxları “icarə haqqını” da verə bilmir.

Yeri gəlmişkən, xatırladığım qədər, sonuncu dəfə Milli Məclisin deputatlarının maaşları ötən ilin sonunda artırılmışdı. Əslində, deputatlar tez-tez maaşların azlığından şikayətlənirlər və cəmiyyət də müvafiq olaraq “Yaroslavnanın fəryadı”nı layiqincə qiymətləndirir: onlara təqaüdlərini, müavinətlərini, sözün əsl mənasında, əllərində olan maaşlarını xatırladır, 13-cü maaş, bonuslar, mükafatlar, müavinətlər məsələsində əvvəlcə əhalini, sonra isə özlərini düşünməli olduqlarını bildirirlər.

Amma azərbaycanlılarda mərhəmət hissi var. Gəlin mərhəmətli olaq, dövləti belə, narahat etmədən özümüz seçilmiş nümayəndələrimizə kömək edək. Əgər biz parlamentin boyunduruğunu onların boynuna asmışıqsa, deməli, problemi həll etmək də bizim əlimizdədir.

10 milyonluq ölkənin yarısı, yəni qocaları və uşaqları nəzərə almasaq, seçilmiş nümayəndələrimizə kömək etmək üçün hər ay ən azı 10 qəpik vəsait ayırsa, bu, artıq 500 min manat təşkil edəcək və hər deputat seçicisindən 4000 manat məbləğində maaş artımı almış olacaq. Bu, orta azərbaycanlının maaşından və pensiyasından az qala 10 dəfə çoxdur!

Bizim üçün 10 qəpik heç nədir, amma onlar üçün həm xoşdur, həm də çox lazımdır. Dövlətə də xeyirdir – ayda yarım milyon manat, ildə isə 6 milyon manat daha az xərcə düşəcək.

Beləliklə, biz onların dolanmasına kömək edəcək və pul çatışmazlığından əziyyətlərini yüngülləşdirəcəyik. Və onlar özləri də nəhayət "xalqın xidmətçisi" olduqlarını başa düşəcəklər. Beləliklə, biz onları təkcə öz rifahları üçün deyil, həm də xalqın rifahı üçün fəaliyyətə başlamağa təşviq edəcəyik.

Nəhayət, onlar da “özlərini daha pis hiss edirlər” deyə, onların da çətin anlar yaşadıqlarına sevinməyə ehtiyac yoxdur.

Əgər yardım üçün əl uzadıblarsa, biz rəhm edib verməliyik. Əks halda, Ostap Benderin Kisa Vorobyaninova dediyi kimi, “ayaqlarını uzatmaları” çox çəkməyəcək...

Müəllif: Mira Həsənova