“Türkiyə NATO üzvüdür və buna görə də biz konkret çatdırılmalara səbəb olan qərarlar qəbul etməyə davam edirik”
Almaniya kansleri Olaf Şolts və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə Avropa silahlarının tədarükünün davam etdirilməsinin lehinə çıxış ediblər. AYNA xəbər verir ki, liderlər bu barədə oktyabrın 19-da İstanbulda birgə mətbuat konfransında bildiriblər.
“Türkiyə NATO üzvüdür və buna görə də biz konkret çatdırılmalara səbəb olan qərarlar qəbul etməyə davam edirik. Bu, sözsüzdür”, Şolts vurğulayıb.
Ərdoğan isə Ankaranın Avropa silahlarını almaqda maraqlı olduğunu da açıqlayıb: “Biz nəhayət, müdafiə sahəsində tədarüklər zamanı qarşılaşdığımız problemləri arxada qoymaq və əməkdaşlığımızı genişləndirmək istəyirik”.
Xüsusilə, söhbət Türkiyənin alacağını gözlədiyi Avropa istehsalı olan “Eurofighter” qırıcılarından gedir. Qeyd edək ki, Almaniya da qırıcıların istehsalı ilə məşğuldur, ona görə də onların tədarükü üçün ölkənin rəhbərliyinin razılığı lazımdır.
Şolts bildirib ki, Böyük Britaniya bu mövzuda Ankara ilə danışıqlar aparır. Hazırda Avropa ölkələri ilə yanaşı, “Eurofighters” Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və Oman ordularında xidmətdədir.
2019-cu ildə Türkiyə qoşunlarının Suriyanın şimalına hücuma başlaması ilə Almaniyadan Türkiyəyə silah tədarükü əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, “Der Spiegel” jurnalı yazır ki, 2024-cü ilin sentyabrında zenit raketləri və torpedalar da daxil olmaqla, ən azı 236 milyon avro dəyərində alman silahlarının Türkiyəyə ixracı təsdiqlənib.