“Bu gün on minlərlə insan Moskvadan müqavilə bağlamış və ya könüllü olaraq cəbhəyə gedib”
Moskva bu il 23 min insanı Ukraynadakı müharibəyə göndərəcək və Rusiya regionları arasında müqaviləli əsgərlərin cəlb edilməsində lider olacaq. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə paytaxt meri Sergey Sobyanin deyib.
“Bu gün on minlərlə insan Moskvadan müqavilə bağlamış və ya könüllü olaraq cəbhəyə gedib. 22 min nəfər səfərbərliklə, 21 min nəfər müqavilənin birinci dalğası ilə, bu il isə daha 23 min nəfər müqavilənin ikinci dalğası ilə gedəcək”, - deyə Sobyanin qeyd edib.
İyulun sonunda Sobyanin Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq üçün birdəfəlik ödənişi 1,9 milyon rubla qədər artıran fərman verib. Bu məbləğ Rusiya regionları üçün rekord olub.
Moskva meriyasındakı mənbə “Verstka” nəşrinə bildirib ki, Moskvada ödənişlərin artırılması qərarı müharibəyə getmək istəyənlərin sayının azalması ilə əlaqədar olub. Müqavilə Xidməti üçün Vahid Seçim Məntəqəsinin məlumatlarına görə, 2023-cü ilin yayın ortalarından 2024-cü ilin avqust ayının əvvəlinə qədər Rusiya Müdafiə Nazirliyi ilə müqavilələrə maraq azalıb. Beləliklə, 2023-cü ilin avqustunda 3 mindən çox, 2024-cü ilin iyununda isə mindən bir qədər çox insan müharibədə iştirak etməyə razı olub.
Avqustun 1-dən ödənişlərin artırılması işə qəbula müsbət təsir göstərib - döyüşmək istəyənlərin sayı dərhal üç dəfə artıb. “Verstka”nın həmsöhbəti qeyd edib ki, müqavilə bağlayanların 90%-nin maliyyə problemləri var. Moskvanın cəbhəyə verdiyi bütün müqaviləli əsgərlərin təxminən 70%-i digər bölgələrdən olan ruslardır.
Həmçinin xidmətə qəbul olunanların 10%-i başqa ölkələrin vətəndaşlarıdır. "Orada çinlilər, serblər, braziliyalılar və misirlilər var, lakin təbii ki, əksəriyyəti Özbəkistan və Tacikistan vətəndaşlarıdır", - “Vestka”ya mənbə bildirib.
Moskvada müqavilə bağlamaq istəyən hər kəs büdcə təşkilatlarının işçiləri adı altında müharibəyə göndərilir: “Moslift”, “Mosgaz”, “Mosvodokanal”, “Mosmetro” və Moskva magistralları. Bu onunla əlaqədardır ki, bütün büdcə təşkilatlarında müqavilə əsasında işçi qəbulu üçün kvota var.
Sənədləşmə cəmi bir gün çəkir. Seçim nöqtəsində onlar müqavilənin rəsmi olaraq bir il müddətinə bağlandığını, əslində isə müharibənin sonuna qədər qüvvədə qalacağını bildirirlər.