Siz çox ciddisiniz: gülümsəyin, cənablar, gülümsəyin!

Cəmiyyət

31.12.2021 - 15:24

Yeni il üçün edilən arzu və ya nə edək - bayramları götürək və ləğv edək?

Həyat heç vaxt asan olmayıb. Hər zaman problemlər, sınaqlar, çətinliklər olub. Əbəs yerə deyilməyib: “Ömrü yaşamaq, əkin sahəsini keçmək deyil”. Və bu ifadə bir çox nəsillərin işgəncələri və təcrübə sınaqlarından keçirək öz təsdiqni tapıb. Ona görə də əgər ətrafımızdakıların həyatını asanlaşdıra bilmiriksə, o zaman heç olmasa onu çətinləşdirməməyə çalışmalıyıq.

Yeni il axşamıdır. Bir çox ailələrdə bayram ab-havası hökm sürür, hətta xəyali olaraq uşaqlığına qayıdan böyüklər də inanılmaz nağıllar və fantaziyalar dənizinə qərq olmaqdan çəkinmirlər. Bu bayram hər kəs üçün ailə ocağına toplaşmaq, gündəlik həyatımızda çox görünməyən, lakin pandemiyanın reallıqlarında baş verməsi tamamilə dayandırılan qohumlarını və dostlarını ziyarət etmək üçün əlavə bir şansdır. Hər şey yaxşı görünür.

Amma burada, əvvəlki illərdə olduğu kimi, hər kəsin artıq öyrəşdiyi onlar peyda olurlar. Həqiqətən də, ən əhəmiyyətsiz məsələni belə, onlarsız müzakirə etmək olmaz: müasir nihilistlər və düzəlməsi mümkün olmayan pessimistlər. Onlar bu dəfə Yeni il şənliyinin qızğın əleyhdarları olub, bütün ağlasığmaz “arqumentlər”lə öz iddialarını və insanların aldadılmasını əhalinin qalan hissəsinə sübut etməyə çalışırlar. Onları şərti olaraq iki əsas qrupa bölmək olar.

Psevdo-vətənpərvərlər

Azərbaycanın sovet imperializminin buxovlarından qurtulması həyatımıza yeni, indiyədək tamamilə naməlum cərəyanlar gətirdi. Mövcud olan hər şeyin, o cümlədən mənəvi və əxlaqi dəyərlərin belə, ən ciddi təftişi başladı. Təbii ki, SSRİ dövründə qeyd olunan bəzi bayramlar Azərbaycan xalqı üçün şənlikdən çox kədərli tarixlər olub. Ona görə də onların “təmizləmə” prosesində unudulması tamamilə təbiidir və heç kim bununla mübahisə etməyə başlamır.

Lakin Azərbaycanın özünün, bəşəriyyətin bütün tarixi təcrübəsinin göstərdiyi kimi, inqilabi dəyişikliklər, bir qayda olaraq, heç bir yaxşılığa gətirib çıxarmır. Ona görə də hər şeyi kökündən məhv etmək, yandırmaq ağılsızlıq və məntiqsizlikdir. Şaxta baba və Qar qız niyə “vətənpərvərlər”in gözünə qara görünüblər? Niyə onların bayram ağacında bəzəklər və rəngli oyuncaqlar əvəzinə, qışın soyuğunda nifaq meyvələri çiçək açır?

Baxın, onların fikrincə, Yeni il Azərbaycan və azərbaycanlılar üçün tamamilə yad bayramdır (Əlini başına tutan smaylik bu yerdə necə yaraşardı! Heyf ki, müasir texnologiyalar hələ o qədər inkişaf etməyib). Bağışlayın, kim və harada iddia edib ki, Yeni il əzəli Azərbaycan bayramıdır? Kim iddia edir ki, bir vaxtlar, hətta Dədə Qorqud yolkanın ətrafında rəqs edib, qopuzun müşayiəti ilə nəğmələr oxuyurmuş?

Bütün böyüklər bunun hansı bayram olduğunu artıq başa düşürlər və "Yeni il", "Şaxta baba" və "Qar qız" ifadələrinin etimologiyası uşaqları heç narahat etmir: bütün bu prosesdə onları tamamilə fərqli bir şey cəlb edir. Burada pis nə var ki? Bu “vətənpərvərlərin” məntiqi ilə getsək, İranla münasibətlərin növbəti kəskinləşməsinin birində Novruz bayramı ləğv edilməlidir. Bəli! Bayramın adı birmənalı olaraq öz sözünü deyir (“Novruz” fars dilindən tərcümədə “yeni gün” deməkdir).

Buna gedək? Həqiqətən, belə bir yanaşma ilə, ümumiyyətlə bayramsız qalmaq olar. Cənablar, Allah xatirinə, ətrafdakıların həyatını çətinləşdirməyin. Siz qeyd etmək, uşaqlar üçün hədiyyələr almaq, Milad ağaclarını bəzəmək istəmirsiniz – özünüz bilərsiniz! Bu, sizin seçiminizdir və biz bu seçimə qarşımırıq. Siz də adekvat mövqe sərgiləyin: burnunuzu başqalarının işlərinə və başqasının həyatına soxmayın.

Psevdo-müsəlmanlar

Bəzi ibadət edən müsəlmanlar da Yeni ilin qeyd edilməsinə qarşıdırlar. Bu bayramda onlar İslam düşmənlərinin, şeytanın, iblisin, sionistlərin intriqalarını görürlər... Bu siyahıda təkcə yadplanetlilər yoxdur. Onlar dərindən əmindirlər ki, yolka bəzəmək, şəhər meydanlarında Şaxta baba və Qar qızla şəkil çəkdirmək, övladlarına hədiyyə almaq dinin əsaslarına güclü zərbə vurur. Onlar deyirlər ki, belə etməklə İsanın (İslama görə İsa peyğəmbər) Allahın oğlu olduğuna əmin olan xristianlar kimi olurlar. Əsl müsəlman üçün isə cəmi iki bayram var - Qurban bayramı və Ramazan bayramı.

Yaxşı, əgər bu düşüncə səviyyəsinə enirsinizsə, o zaman rüsvayçılıqdan qorxmadan, gülməli və yöndəmsiz görünməklə asanlıqla belə bir sual verə bilərsiniz: bağışlayın, ümumiyyətlə belə bayramların mövcudluğu harada deyilir? Axı, Həzrəti Məhəmməd peyğəmbərə nazil olan bütün vəhylər “Quran”da toplanıb. Bağışlayın, amma orada bu barədə bir kəlmə olsun, nə Ramazan bayramı haqqında, nə də Qurban bayramı haqqında qeyd var.

Bəs necə edək? Andrey Mironovun oxduğu kimi, "bayramları götürək və ləğv edək"? Çətin ki, kimsə bununla razılaşsın. Bundan başqa, Azərbaycanda kim Yeni il bayramlarına dini çalar verir? Heç kimin ağlına gəlmir, heç kimin müxtəlif “Bibliya” hekayələri və məsəlləri yadına düşmür. İnsanlar həyatdan həzz almaq və bir neçə axşam dostları və ailəsi ilə keçirmək üçün bir səbəb tapırlar.

Yeri gəlmişkən, ikincisi şəriət tərəfindən çox tövsiyə edilən bir əməldir. Bəs problem nədədir, müsəlman qardaşlar?...

P.S. Sonda mərhum Oleq Yankovskinin “Baron Münhauzenin sərgüzəştləri” filminin son səhnəsində dediyi möhtəşəm bir neçə cümlə (Və bu, müəyyən dərəcədə Yeni il üçün arzumuz olsun): “Mən sizin dərdinizin nə olduğunu anladım. Siz çox ciddisiniz. Gülümsəyin, cənablar! Gülümsəyin”.

Müəllif: Vüsal Əliyev