Siyasi təcrübə və ya harda “məşq” etməli?

Cəmiyyət

11.07.2021 - 18:34

Böyük şəhər bələdiyyələrinin yaradılmasını, mer seçkilərini əsas məqsədə çevirməliyik

 

İllər öncə Erkin Qədirli müsahibələrinin birində ümimi bir tezis irəli sürmüşdü ki, müxalifət idarəçilik baxımından siyasi təcrübə toplamalıdır. Həmişə olduğu kimi bəziləri tərifindən “topa” tutdular, zarafata çevirdilər, məğzini anlamadan formasını tənqid (daha çox təəssüf ki, təhqir) etməyə başladılar. Halbuki, çox doğru tezisdir, prinsipial yanaşmadır, tənqid (təhqir) edənlər dəstəsi hökumət və dövləti bir-birindən ayıra bilməyənlər idi, siyasi təcrübənin müxtəlif üsulları olduğunu qavraya, düşünə bilmədilər.

 

Siyasi təcrübə təyinatlı vəzifə demək deyil, idarəetmə bacarığını “məşq” etmək üçün digər institutlar, əsasən də bələdiyyələr var. Bələdiyyə institutunu indiki hakimiyyət “ölü doğdu”, bilərəkdən gözdən, nüfuzdan saldı, səlahiyyət vermədi, icra hakimiyyətinin buyruq quluna çevirdi, seçilmişləri təyin edilmişlərin idarəçiliyinə verdi.

 

Amma müxalifət də 1999-cu ildən bəri bələdiyyələri aşağılamaqda hakimiyyətə kömək etdilər, nüfuzdan salmaq üçün hakimiyyətin əlinə oynadılar, bələdiyyə seçkilərini heç vaxt ciddiyə almadılar, ya baykot etdilər, ya da ciddi kampaniya aparıb vətəndaşa bu institutun nə qədər vacib bir siyasi təcrübə sahəsi olduğunu izah etmədilər.

 

Hə, indi bu cümlələri oxuyan bəzi dostlarımız həmən, “Əşşi, ölkədə seçki var?! Nə bələdiyyə?! Torpaq satan qurumdu, nə təcrübə?! Yenə seçkidən danışırlar, bu rejim heç vaxt normal seçki keçirməz!”, deyəcəklər. Xub, müəyyən mənada haqlıdılar, amma normal  seçkini oturub YAP-dan gözləmək qədər mənasız bir iş varmı?! Axı seçkiyə marağı yaratmaq müxalifətin əsas iş istiqaməti olmalıdır, normal seçkini hakimiyyətdən gözləməkdənsə, bunun üçün səfərbərlik elan edib çalışmaq daha doğru yol deyilmi?! Hətta riyazi olaraq da aydındır ki, əgər seçkilərə seçicilərin 75 faizi gəlsə, nəticələri saxtalaşdırmaq, demək olar ki, mümkünsüz olacaq, bunu anlamaq çoxmu çətindir?! Axı seçki sürəci özü də bir siyasi təcrübə məktəbidir – müşahidəçilik institutunun möhkəmlənməsi, siyasi proseslərə marağın artırılması, proqram sənədlərinin, platformaların yazılıb elan edilməsi, debatlar, diskussiyalar, bütün bunlar siyasi təcrübənin əsas elementləridir!

 

Gələk əsas mətləbə: Son günlərin ən çox müzakirə mövzularından biri yeni iqtisadi rayonların yaradılması ilə bağlı fərman oldu – maraqlı gediş idi, indi biz, müxalifət olaraq bu gedişin ardını gətirmək üçün çalışmalı, bunu kampaniyaya çevirməliyik. Yəni ki, iqtisadi rayonları inzibati ərazi bölgüsünə çevirmək üçün çalışmaq, yerli özünüidarə institutlarının yaradılmasını hədəfə, böyük şəhər bələdiyyələrinin yaradılmasını, mer seçkilərini əsas məqsədə çevirməliyik. Normal siyasi mübarizə və təcrübə toplamaq üçün ən böyük fürsət məhz bu sahədədir. Əgər biz bunu bacarsaq, təsəvvür edin ki, 14 iri inzibati ərazi vahidi yaranacaq, hər birinin yerli seçilmiş məclisi təsis ediləcək, böyük şəhərlərdə həm bələdiyyə məclisi, həm də mer seçiləcək.

 

Beləliklə, təqribən, 1000 nəfərə yaxın yeni seçilmişlər, siyasilər yaranacaq ki, bu da dövlət idarəçiliyində təcrübə toplamaq üçün əsas “siyasi poliqon” rolunu oynayacaq. Bunun üçün yeni Konstitutsiya, səlahiyyət və məsuliyyət bölgüsü, unitar dövləti möhkəmləndirən, amma bölgələrdə də sosial, kommunal problemləri həll etməyi bacaran seçilmişlər yaradan yeni idarəçilik fəlsəfəsi lazımdır ki, bu yeni “oyun qaydaları” gələcək idarəçilər üçün dürüst məktəbə çevriləcək.

 

Bir sözlə, müxalifət camiyasının ilkin mərhələdə, yaxın 2 il üçün əsas hədəfi məhz bələdiyyələrin reanimasiyası və yeni qaydalarla fəaliyyətinin təminatı olmalıdır. Bu gün siyasi səhnədə olan bəzi boşboğazlara 500 nəfər əhalisi olan bir kəndi idarəetməyə versən, hər şeyi bərbad edərlər – çünki, nə bacarıqları var, nə siyasi və idarəetmə təcrübələri - bu isə məmləkətin gələcəyi üçün təhdidlər yaradır.

 

Xalq kimin nə bacardığını görməlidir ki, ölkənin gələcək taleyini də ona həvalə etməyə qərar versin. Hakimiyyətə bu yeni sistemə keçməsi üçün müxtəlif üsullarla təzyiqlər edilməli, təkliflər verilməli, hətta yeni Konstitusiya üçün müxalifətin işçi qrupu yaradılmalı, hakimiyyətə də bu işçi qrupunda fəaliyyət göstərməsi üçün dəvət göndərilməlidir. Qəbul edərlər – lap yaxşı, etməzlər, seçicilər də, vətəndaşlar da görər ki, kim iş görmək istəyir, kim isə boşboğazlıqla məşğuldur. Belə, düşünün, müzakirə edək...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert