Bakı küçələrində irəliləyən “raket” müəmmasına aydınlıq gətirildi

Cəmiyyət

25.10.2019 - 12:22

SOCAR əməkdaşı: “Onlardan Azərbaycana 11 ədədinin gətirilməsi nəzərdə tutulub, indiyədək 5-i gətirilib, 6-cısı yoldadır”

 

Neçə gündür, paytaxt küçələrində hamının diqqətini çəkən və raket zənn edilən qazsaxlayıcı qurğu hazırda Babək prospekti boyunca irəliləyir. Ümumi yolda avtomobil sıxlığına səbəb olan bu qurğu nə üçündür və haraya aparılır?

 

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov AYNA-ya açıqlamasında deyib ki, bu irihəcmli LBG çəni qazsaxlayıcı qurğudur: “Onlardan ümumilikdə Azərbaycana 11 ədədinin gətirilməsi nəzərdə tutulub. İndiyədək 5-i gətirilib, 6-cısı yoldadır”.

“Bu çənin gətirilməsində məqsəd, ölkədə yanacağın keyfiyyətini artırmaq üçün yeni modernizasiya qurğularının yaradılmasıdır. İtaliyadan dəniz yolu ilə ölkəyə gətirilən bu çən SOCAR-ın Neft Emalı Zavoduna yerləşdiriləcək”, - İ.Əhmədov bildirib.

 

Qurğunun şəhər küçələri ilə daşınmasına gəlincə, SOCAR əməkdaşı gecikmə baş verdiyini qeyd edib: “Əslində, plan üzrə iri həcmdə olan qurğu artıq zavodda olmalıydı. Amma gecə-gündüz yolboyu irəliləsə də, hələ ki, zavoda çatdırılması ləngiyir”.

 

O, “Qurğunun ümumi avtomobil yolu ilə daşınması nə qədər doğrudur” sualına isə belə cavab verib: “Qazsaxlayıcı çən xarici ölkədən Zığ limanına gətirilir. Daşınması məsələsi podratçı şirkət tərəfindən həyata keçirildiyindən, limandan hansı formada, hansı marşrutla zavoda aparılacağı bizə məlum deyil”.

 

Əlavə edək ki, bu həcmdə qurğunun paytaxt yolu ilə daşınması insanların haqlı narazılığına səbəb olub. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev də sürücülərin və paytaxt sakinlərinin etirazına qoşularaq bildirib ki, LBG çəni nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaratmaqla, ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında gecikmələrə səbəb olub və olur.

 

Qeyd edək ki, LBG qurğusunun uzunluğu 35 metr, həcmi isə 345 tondur. Növbəti çənlərin daha iri həcmdə olduğu bildirilir.

Müəllif: Raminə Eyvazqızı