“Baş nazir "Türk Axını" qaz kəmərinin Macarıstandan keçən hissəsini qorumağı əmr edib”
“Macarıstan ordusu Serbiyadan Slovakiyaya gedən "Türk Axını" qaz kəmərinin ölkə ərazisindəki hissəsini qoruyacaq”. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Macarıstan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Peter Siyarto deyib.
Nazirin sözlərinə görə, Macarıstanın Baş naziri Viktor Orban ölkənin müdafiə şurasının iclasında "Türk Axını" qaz kəmərinin Macarıstandan keçən hissəsini qorumağı əmr edib.
Diplomat bildirib ki, "əsgərlər qaz kəmərini və onun nöqtələrini Serbiya-Macarıstan sərhədindən Macarıstan-Slovakiya sərhədinə qədər bütün uzunluğu boyunca qoruyacaqlar".
O həmçinin bildirib ki, Macarıstan, Serbiya, Türkiyə və Rusiya “Türk Axını”nın qorunması üçün qətiyyətli tədbirlər görmək barədə razılığa gəliblər.
Siyarto qeyd edib ki, hər bir ölkə "öz töhfəsini verəcək" və qaz kəmərinin bütün Avropa hissəsində qorunmasını təmin etmək üçün "qətiyyətli tədbirlər görəcək".