Bu, son günlər ərzində Şimali Koreyadan ballistik raketlərin ikinci buraxılışıdır
Şimali Koreya Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raketlər buraxıb. AYNA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu, son günlər ərzində Şimali Koreyadan ballistik raketlərin ikinci buraxılışıdır.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri, Şimali Hvanqhae əyalətinin qərbindəki Sarivon bölgəsindən yerli vaxtla təxminən səhər saat 7:30-da raket buraxılışları aşkarladığını bildirib. Raketlərin sayı dəqiqləşdirilməyib.
NHK telekanalı Yaponiya Müdafiə Nazirliyinin məlumatlarına istinadən ən azı yeddi raketin atıldığını açıqlayıb. Onlar dənizə düşməzdən əvvəl 400 kilometr uçublar.
Eyni zamanda, Şimali Koreya liderinin bacısı Kim Yo Conq bildirib ki, Şimali Koreya yarımadada hərbi qüvvələrin paritetinin pozulmasına imkan verməyəcək.
“Bu gün Koreya yarımadasında və regionda düşmənlərlə bizim aramızda güc paritetinin pozulması – bu, dərhal müharibə deməkdir – inkar edilə bilməyən obyektiv reallıqdır”, – Kim Çen Inın bacısı Kim Yo Conq deyib.
Xatırladaq ki, Conq hakim Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini vəzifəsini tutur.