Şənlik nənənin seçimi, mənim həyat dərsim və: bəs sevmək?

Cəmiyyət

31.12.2021 - 18:05

Hər kəs dünyanın bir rəngi, tapmacanın bir parçasıdır - fərqi yoxdur, kim hansı rəngdir və ya tapmacanın küncündədir, yoxsa mərkəzindədir

Hər gün ömürdən gedir, amma biz yeni yaşımızı, yeni təqvim ilini bayram kimi qeyd edirik. Özü də çox vaxt bunu bacardığımız qədər təntənəli, yaddaqalan etməyə çalışırıq. Əslində isə bir çox hallarda geridə qalan ildə adi günlərdən birində başımıza gəlmiş hansısa olay, yaşadığımız duyğular, həyatımıza gəlib-getmiş insanların toxunuşları və s. daha çox yaddaqalan olur, nəinki həmin gün.

Amma biz mütləq bir günü xüsusiləşdirir, qırmızı çevrəyə alır, bayram edirik. Bu, düşüncələrdən, monoton həyatdan ayrılmaq üçün bəhanəmizdir. Çünki əks halda darıxar, bezərdik.

Bayram günlərində istisnasız olaraq həmişə Şənlik nənə yadıma düşür. Bəlkə oğul-uşağı da onu çoxdan unudub, amma nə bilsin ki, illərdir onu hər bayram günündə yada salan bir adam var.

Əslində unutqan adamam, dünəndən bu günə hansısa epizod yadımda qalıbsa, bunu yaddaşımın məharəti yox, həmin anın qəhrəmanı kim və ya nədirsə, onun hünəri sayıram. Elə Şənlik nənə kimi. O, yaddaşımda bayram günlərində digər günlərdən daha kədərli, üz-gözündən hirs yağan birisi kimi qalıb. Bəlkə də başqalarının sevincli siması, davranışları yanında bu, mənə belə gəlib. Bilmirəm...

Bir də onu xatırlayıram ki, kimsə Şənlik nənəni bayram gününə xas olmayan emosional vəziyyətinə görə sorğu-suala çəkmirdi. Bütün böyük-kiçikdə onun bu qəm səbəbini dərindən anlayacaq bir müdriklik müşahidə edirdim. Həmin müdriklərdən birindən öyənmişdim ki, Şənlik nənə heç kəslə problem yaşamayıb, o, sadəcə ildə bir neçə günün bayram adı altında xüsusi təmtəraqla qeyd edilməsinin tərəfdarı olmayıb. Başqa bir müdrik isə demişdi ki, guya Şənlik nənə gənc oğlunu hansısa sağalmaz xəstəlikdən torpağa tapşırandan sonra Tanrıdan da küsüb, bayramlardan da.

İllərdir, hər bayram Şənlik nənə beynimdə qonaq olur. Üz-gözündə ad verməkdə çətinlik çəkdiyim soyuq ifadə, əlində əsası gəlib durur gözümün qabağında. Onu deyim ki, ilk baxışda nə qədər soyuq, hirsli görünsə də, çox mehriban, qayğıkeş insan kimi xatırlayıram. Kiminsə üstünə acıqlandığını da görməmişdim. Bayram günlərindəki kimi hirsli olanda da fikirli və susqun görünürdü, vəssalam.

“Az danışan çox bilir” dediklərinə görə də, susqun insan görəndə zəngin xəzinə tapmış kimi maraq göstərirəm. Şənlik nənə haqqında danışılanlar da həmişə diqqətimdə olub. Eşitdiyim iki versiyanı da illərdir özümlə daşımışam. Onlardan birinin doğru olması ehtimalına cavab olaraq “niyə?” sualına cavab tapmağa çalışmışam.

“Bütün axtaranlar tapa bilməz, amma bütün tapanlar axtaranlardır”

Mən də tapmışam. Türk şairi Can Yücel demiş: “Hər kəsin xoşbəxt olmaq üçün başqa bir yolu var imiş, öz yolumu tapdığımda anladım...”

Şənlik nənə bayramları qeyd etmir, qeyd edənlərə də qoşulmurdu. Üzündə bizlərə xatir belə, təbəssüm yaratmırdı. Özünü buna heç məcbur da etmirdi. Səmimi olaraq maraq göstərmədiyini, sevinmədiyini büruzə verirdi. Buna görə də biz özümüzü xoşbəxt, onu bədbəxt kimi görürdük. Hesab edirdik ki, hamı eyni gündə, eyni saatlarda eyni cür düşünməli, eyni hissləri keçirməlidir. Bu, könüllü məcburiyyət idi və indi də bir çoxları üçün belədir.

Mən isə daha anlamışam ki, bayramları, özəl günləri adi günlər cərgəsinə qoşan, onlar arasında ayrıseçkilik salmayan insanlar da var və olmalıdırlar. Kədərini bir ömür özü ilə daşıyan, ondan xilas olmaq barədə düşünməyənlər də olmalıdır və biz onları qara rəng olaraq fərqləndirməməli, xor baxmamalıyıq. Hər kəs dünyanın bir rəngi, tapmacanın bir parçasıdır. Fərqi yoxdur, kim hansı rəngdir və ya tapmacanın küncündədir, yoxsa mərkəzində. Əsas olan var olmaqdır.

Çünki bilmək olmaz kim harada kimin dərsi, kimin mükafatı olacaq. Əsas olan insanları olduğu kimi qəbullanmaqdır. Bəs sevmək? Sevmək isə sonranın işidir...

Yeni ilə münasibətimizdən, kimlərlə, necə qeyd edəcəyimizdən asılı olmayaraq, ətrafımızdakı insanların düşüncələrinə, seçimlərinə qarşı dözümlü, anlayışlı və səbirli olmağımızı diləyirəm. Ağız deyəni qulağın eşitmədiyi bu vaxtda, bəlkə də ən çox ehtiyacımız olan elə budur.

Müəllif: Aləmdə Nəsib