Bakıdakı konfransda nə baş verdi - Qırğızıstan səfirinə şiddətli töhmət

Aktual

22.12.2021 - 17:41

İlqar Vəlizadə: "Təəssüf ki, olmayan yerdən belə bir səs-küy yarandı"

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə şiddətli töhmət verib. Bu barədə Qırğızıstan Prezident Administrasiyasından açıqlama verilib.

Qeyd olunub ki, səfirin “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransına istinadla bir sıra mətbuat orqanlarında dərc olunan “Qırğızıstanın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə Rusiyadan ayrıca görüşməyi təklif etməsi” haqqında informasiya həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır.

Bildirilib ki, göstərilən müsahibədə bu cür açıqlama olmayıb. Bununla belə mətbuatda təhrif olunmuş şərh və şişirtmələrə səbəb olan, mərkəzlə razılaşdırılmamış bu cür bəyanata görə Prezident Sadır Japarov Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə şiddətli töhmət elan edib.

"Sputnik Azərbaycan"ın Mətbuat Mərkəzinin rəhbəri, politoloq İlqar Vəlizadə açıqlamasında AYNA-ya deyib ki, bunu rəsmi qaydada şərh edə bilməz: "Sadəcə onu deyə bilərəm ki, səfirin mətbuat konfransından hazırlanan material, reportaj bizim saytlarımızda dərc edilib. O məlumatlarda hansısa təxribatçı, hansısa digər ölkənin maraqlarına zidd olan çıxış olmayıb. Belə təxribata, təhrifə yol verilə bilməz". 

"Mən səhv etmirəmsə, səfirə töhmət başqa məsələyə görə verilib. Rəsmi qaydada töhmətin səbəbi bildirilib", - deyə Vəlizadə əlavə edib.

Qırğızıstan Prezident Adminstrasiyasının açıqlamasında “Qırğızıstanın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə Rusiyadan ayrıca görüşməyi təklif etməsi” haqqında informasiya həqiqəti əks etdirmir" məsələsinə gəlincə, Vəlizadənin sözlərinə görə, səfir konfransda deyib ki, beş Mərkəzi Asiya ölkəsi Cənubi Qafqaz ölkələri ilə "3+3" formatında uzlaşa bilər: "Biz bilirik ki, "3+3" formatında Rusiya da təmsil olunur. Başqa fikirlər yəqin ki, məqsədyönlü şəkildə, yaxud da bilməyərəkdən mediada işıqlandırılıb. Təəssüf ki, olmayan yerdən belə bir səs-küy yarandı. Söhbət bizim mediadan getmir". 

"Söhbət Qırğızıstan, yoxsa Rusiya mediasından gedir?", - sualına isə Mərkəz rəhbəri belə cavab verib: "Qırğızıstan mediasında belə fikirlərin gedib-getmədiyindən məlumatsızam. Rusiya mediasında yazılıbmı - bilmirəm. Onu bilirəm ki, Azərbaycan mediasında təhrifə yol verilməyib".

Müəllif: Anar Bayramoğlu