Sergey Kopırkin: “Rusiya və Ermənistan tərəfdən belə siqnallar daxil olmayıb”
“Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından söhbət gedə bilməz”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Belə siqnallardan xəbərim yoxdur. Mən Ermənistan tərəfinin verdiyi rəsmi bəyanatları rəhbər tuturam, xüsusən də bazanın çıxarılmasından söhbət gedə bilməz. Rusiya tərəfdən də belə siqnallar olmayıb”, - deyə səfir Gümrüdəki Rusiya bazasının bağlanması və Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı İrəvandan hər hansı siqnal olub-olmaması sualına cavab verib.
Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Aviabazanın şəxsi heyəti MDB ölkələrinin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyindədir.