Saxta COVID-19 pasportu verənlər tutulublar

Xəbərlər

23.08.2021 - 12:47

Həkimlər Klinikalar SEO Xidməti

Baş Prokurorluq və DİN keçirilən əməliyyatlar barədə məlumat yayıb

 

Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bir neçə tibb müəssisəsində pul müqabilində vətəndaşlara saxta COVID-19 pasportu verilməsi ilə bağlı keçirilən əməliyyat barədə məlumat yayıb.

 

Hər iki qurumun mətbuat xidmətlərinin AYNA-ya daxil olan birgə məlumatında bildirilib ki, verilən məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxtda daha bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilmələri məlum olub.

 

Həyata keçirilən ilk əməliyyat zamanı müəyyən olunub ki, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb bacıları Ü.Abbasova, S.Allahverdiyeva, F.Nəhmətova, həmin müəssisəsinin kompüter qeydiyyatçıları Ə.Hüseynova, S.Dadaşzadə və Səbail rayonunda yerləşən 33 saylı şəhər poliklinikasının əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarına dair saxta sənəd təqdim ediblər. Həmin şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin edilmiş şəxslərin siyahısına daxil etdikləri müəyyənləşdirilib.

 

Analoji hal Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanası və Yasamal rayonunda yerləşən 3 saylı şəhər poliklinikasında da aşkar edilib. Müəyyən olunub ki, həmin müəssisələrdə tibb bacıları işləyən S.Mahmudova və A.Bağırova hər doza vaksin üçün 50-100 manat müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da adları çəkilən tibb bacıları pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənədlər təqdim ediblər.

 

Faktlarla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq və təhqiqat idarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə 102 Xidməti - Zəng Mərkəzi, 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli Qaynar xətt əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

 

Ölkəmizdə koronavirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edilməsi hallarına qarşı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunvericiliklə nəzərdə tutulan qaydada sərt mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş