“Baş nazir həbslər yolu ilə müxalifətin və onun qətiyyətli addımlarının qarşısını almağa çalışır”
Ermənistanın Respublika Partiyasının bir səlahiyyətlilərinə qarşı cinayət işləri açılıb. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə partiyanın mətbuat katibi Eduard Şarmazanov deyib.
O, deyib ki, partiyanın parlament fraksiyasının keçmiş rəhbəri Vaqram Baqdasaryanın həbs edilməsi barədə Baş Prokurorluq artıq vəsatət verib.
“Şübhəsiz ki, Nikol Paşinyan qorxu içindədir və həbslər yolu ilə müxalifətin və onun qətiyyətli addımlarının qarşısını almağa çalışır. Bənzər cinayət işləri hamımıza qarşı başladıldı”, - Şarmazanov vurğulayıb.
Qeyd edək ki, Baqdasaryan Baş nazir Nikol Paşinyana qarşı sui-qəsd təşkil etməkdə və silah saxlamaqda şübhəli bilinir. Ona qarşı 9-10 noyabr iğtişaşlarından sonra ittiham irəli sürülüb.