Gəmiyə zərbə ABŞ kəşfiyyat məlumatları təsdiqləndikdən sonra endirilib
ABŞ Hərbi Dəniz Qüvvələri Şərqi Sakit okeanda narkotik qaçaqmalçılarına məxsus olduğu iddia edilən bir gəmiyə zərbə endirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
ABŞ kəşfiyyatının iddiasına görə, gəmi məlum narkotik qaçaqmalçılığı marşrutları ilə hərəkət edirmiş. Rəsmi açıqlamaya görə, gəmiyə zərbə kəşfiyyat məlumatları təsdiqləndikdən sonra endirilib.
“Hücum nəticəsində hədəf məhv edilib. Əməliyyat zamanı ehtimal olunan narkotik terrorçusu olan iki nəfər öldürülüb”, - deyə qeyd olunub.
Bundan əvvəl Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampa birgə məhkəməyə veriləcək “narkotik lordları”nın siyahısını təqdim etmişdi. Petronun sözlərinə görə, transmilli narkotik qaçaqmalçılığını məğlub etmək üçün əvvəlcə bu cinayətkar şəbəkələrin liderləri tutulmalıdır.
Kolumbiya lideri narkotik qaçaqmalçılığının ön cəbhəsinin Dubay, Madrid və Mayamidə yaşayanlar tərəfindən “işğal olunduğunu” söyləyib. Petro bu şəxslərin və onların tərəfdaşlarının adlarını Trampa ötürdüyünü bildirib. O bu “narkotik lordları”nın pullarının Kolumbiya xaricində olduğunu qeyd edib və onları müxtəlif ölkələrin kəşfiyyat orqanları ilə birgə təqib etməyə çağırıb.