Rüfət Hacıyev tutduğu vəzifədən könüllü şəkildə ayrılıb
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev tutduğu vəzifədən könüllü şəkildə ayrılıb. AYNA xəbər verir ki, bu barədə müdir öz “Facebook” profilində bildirib.
R.Hacıyev yorulduğu üçün vəzifədən ayrıldığını deyib: “Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi islahatları dəstəkləyirəm. Bundan sonra da fərd olaraq gənc nəslin təlim-tərbiyəsinin qeydinə qalacağam”.
Xatırladaq ki, Rüfət Hacıyevin Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Nazim Ramiz oğlu Mirzəyevə qarşı zorakılıq etməsi ilə bağlı iddia qaldırılıb. Şagirdin ailəsinin iddiasına görə, sabiq idarə müdiri saçı uzun olduğuna görə məktəblilərin yanında şagirdi döyərək ona fiziki təzyiq göstərib. Bundan sonra Mirzəyevlər ailəsi R.Hacıyevdən Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə şikayət ediblər.