Şahın toyu, vəzirin toyu və mənim kitab şölənim...

Cəmiyyət

15.11.2026 - 11:11

İnsanın mutluluğu bəzən çox sadə bir şeydən ibarətdir: sevdiyi işi görmək və o işin sevincini sevdiyi insanlarla bölüşmək

Rəvayət edirlər ki, günlərin birində bir şah oğluna toy edir. Özü də necə toy! Yeddi gün, yeddi gecə bütün məmləkət bayram edir. Sarayın qapıları taybatay açılır, süfrələrə quş südündən başqa hər nemət düzülür. Dünyanın dörd bir yanından xanəndələr, sazəndələr, rəqqaslar dəvət olunur. Gecələr səma atəşfəşanlıqdan işıqlanır, gündüzlər meydanlarda şənliklər qurulur. Bir sözlə, şah öz şahlığına yaraşan, dillərdən düşməyəcək bir toy edir.

Aradan bir müddət keçir. Vəzir şahdan izn alıb öz oğluna toy çaldırır. Təbii ki, vəzirin imkanları məhduddur. Amma o da əlindən gələni əsirgəmir. Toy başa çatır, qonaqlar dağılışır. Vəzir yaxın adamları ilə söhbət edərkən deyir:

- Nə deyirsiniz deyin, mənim oğlumun toyu şahın oğlunun toyundan qat-qat yaxşı keçdi!

Sözün ayağı yoxdur, amma qanadı var. Xəbər gedib şahın qulağına çatır. Şah minir cin atına, qəzəbindən alışıb-yanır. Əmr edir ki, vəziri dərhal hüzuruna gətirsinlər.

- Sən hansı cəsarətlə öz toyunu mənim toyumdan üstün tutursan?! Doğrudanmı belə söz demisən?

Vəzir təmkinini pozmadan baş əyir:

- Şah sağ olsun, demişəm. Özü də sözümün arxasındayam.

Şahın qəzəbi birə-beş artır:

- Nəyə əsasən?!

Vəzir gülümsəyir:

- Qibleyi-aləm, sizin oğlunuzun toyunda məclisin ən böyük adamı zavallı qulunuz - vəziriniz idi. Mənim oğlumun toyunda isə məclisin başında siz özünüz əyləşmişdiniz. İndi insafla buyurun, hansı toy daha möhtəşəm idi?

Deyilənə görə, şah bu cavabın qarşısında gülməkdən özünü saxlaya bilmir. Vəzir də həm başını xilas edir, həm də haqlı çıxır.

***

Bu qədim rəvayət dünən axşamdan bəri yadımdan çıxmır.

Ötən axşam mənim də bir toyum vardı – “Oxumaq və unutmaq paradoksu” kitabımın təqdimat mərasimi idi.

Və bu gün o vəzirin sözlərini təkrarlamaq istəyirəm: mənim məclisim çox möhtəşəm idi! Çünki onun möhtəşəmliyi nə dəbdəbəsində, nə süfrəsində, nə də zahiri təntənəsində idi. Mənim məclisimin əzəməti oraya təşrif buyurmuş insanların əzəmətindən doğurdu.

Onların hər birinin çıxışını dinlədikcə düşünürdüm ki, insanın həyatda qazandığı ən böyük sərvət nə yazdığı kitabların sayı, nə aldığı mükafatlar, nə də topladığı şöhrətdir. Ən böyük sərvət illər ərzində ətrafına toplaya bildiyi insanların səviyyəsi, dostluğunun dərinliyi və ona göstərilən səmimi münasibətdir.

Rafael müəllimin sözlərində böyük bir ziyalının müdrikliyini, Solmaz xanımın çıxışında elmi düşüncənin və insani münasibətin gözəl vəhdətini, Həcər xanımın söylədiklərində isə illərin dostluğundan doğan doğmalığı gördüm. Onların hər biri təkcə kitabdan danışmırdı. Həm də kitabın arxasındakı illərdən, düşüncələrdən, axtarışlardan, insanı kitaba, biliyə və elmə bağlayan o görünməz tellərdən söz açırdı.

Axşamın ayrıca bir möcüzəsi də vardı – musiqi!

Görkəmli sənətkarımız Zəhra Quliyevanın violinoçu tələbələrin ifaları məclisə başqa bir ovqat gətirdi. Sözün çatdığı yerdən musiqi başladı və sözlə ifadə edilə bilməyən duyğuları öz dilində söylədi.

Xüsusilə də böyük Tofiq Quliyevin ölməz Valsı (Əziz dost)!

Bu gözəl və anlamlı axşam üçün bundan gözəl musiqi seçmək mümkün olmazdı. Zəhra xanım mənim bu musiqi parçasını nəqədər çox sevdiyimi unutmamışdı. Zalda əyləşənlərin böyük əksəriyyəti mənim əziz dostlarım idi. Həyatımın müxtəlif dövrlərindən gələn, fərqli peşələri, fərqli taleləri olan, amma hamısı mənim üçün eyni dərəcədə qiymətli insanlar...

O vals sanki onların hər birinə ayrıca ünvanlanmışdı.

Bir kitabın təqdimatında sözlə musiqinin belə qovuşması hər kəsin zövqünü oxşadı. Axı kitab da, musiqi də insan yaddaşının yaratdığı ən böyük möcüzələrdəndir. Biri düşüncələrimizi, digəri duyğularımızı yaşadır. Hər ikisi zamanın əlindən nələrisə xilas etməyə çalışır.

Kitabımın adı “Oxumaq və unutmaq paradoksu”dur. Dünən axşam isə mən bu paradoksun başqa bir tərəfini yaşadım: oxuduqlarımızın çoxunu unuda bilərik, amma bizə yaşadılan gözəl duyğuları asanlıqla unutmuruq.

Mən həmişə düşünmüşəm ki, kitab yazmaq insanın özü ilə uzun söhbətidir. Kitabın nəşri isə həmin söhbətə başqalarını dəvət etməkdir. Dünən axşam o dəvətə elə insanlar gəlmişdilər ki, onların iştirakı mənim üçün kitabın çap olunması qədər qiymətli idi.

Əziz dostlarım!

Başda görkəmli ziyalımız, akademik Rafael Huseynov olmaqla, professorlar Şahlar Əsgərov, Həcər Babayeva, Zəhra Quliyeva, Yusif Osmanov, İlham Pirməmmədov, eləcə də Elçin Şıxlinski, Nigar Vəli Axundova, Azər Cahangirov, Rasim Müzəffərli, Fazil Mustafa, Arzu Babayev, Emil Yusifov, Kamil Yusifov, Sakir Eminbəyli, Abid Məmmədov, Fərrux Şıxlı, Hüsnə Həsənli, Əminə İbrahimova, Ürfan Məmmədli, Qafar Sarıvəlli, Adil Vahidov, İradə Dəniz, Nahidə Məmmədxanova, Gülşən Rafiqqızı, Sənubər Qasımova, Adilə İsmayılova, Nazlı İsmayılova, Münasib  Həsənov, Qəvvaz Əhmədov, Həmid Ormanlı, Xavər Zahir, Səbinə Yusif, Yağmur Xəzan, Sevda Eminova, Sevinc Hədiyyə Şəfaqət, Ülviyyə Yolçuyeva, Gülnar Əhməd, Firuzə Cəfərova, Gülnarə İskəndərli, Güllü Eldar Tomarlı, Cavid Fərzəli, Ruqiyyə Əhmədli, Fidan Əhmədova, Fidan Xəlilova, Sara  Müslümova, Etibar Hüseynov və onlarla dəyərli dostlarım bu gecəyə öz sözləri, düşüncələri, xatirələri və mənə göstərdikləri böyük ehtiramla xüsusi bir məna qazandırdılar.

Burada xüsusi minnətdarlığımı TEAS Press Nəşriyyat Evinə, onun rəhbərliyinə, dəyərli Nicat İbrahimova, Ülkər İsmaylovaya, eləcə də kitabımın redaktoru Famil Cəfərliyə, texniki redaktoru Vüsalə Babayevaya, Müşfiqə Bayramlıya bildirməyi özümə bir borc bilirəm.

Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Gəldiyiniz, danışdığınız, dinlədiyiniz, musiqiyə qiymət verdiyiniz, mənim sevincimi öz sevincinizə çevirdiyiniz üçün...

Bir daha anladım ki, insanın mutluluğu bəzən çox sadə bir şeydən ibarətdir: sevdiyi işi görmək və o işin sevincini sevdiyi insanlarla bölüşmək.

İndi qayıdaq rəvayətimizin vəzirinə.

Onun şah qarşısında söylədiyi o məşhur cavabı mən də böyük məmnuniyyətlə təkrar edirəm: Mənim kitab məclisim möhtəşəm idi. Çünki məclisimin ən böyük adamları mənim qonaqlarım idi!

Şahın toyu, vəzirin toyu və mənim kitab şölənim...
Müəllif: İbrahim Nəbioğlu

Pin up casino Pin-up casino giriş