Ramin Bayramlı: “Hətta 92 yaşlı nənə xəstəliklə mübarizədə qalib gəlib”
“Koronavirusla bağlı vəziyyət ölkə rəhbərliyinin nəzarəti və koordinasiya ilə davam edir. Bütün dünyada pandemiya ilə bağlı vəziyyəti izləyirik. Diaqnostik müayinələr öz tempi ilə davam edir”.
AYNA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin rəhbəri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib. R.Bayramlı qeyd edib ki, bu həftə avtomaşlaşdırmış laboratoriyalar sırasına Sumqayıt laboratoriyası da qoşulub: “İndiyədək 150 min test icra olunub, xəstələrin 22 xəstəxanada müalicəsi davam etdirilir. Pozitiv aşkarlanmış insanların yaxınları da müyyən olunub. “e-təbib” məlumat bazasında bütün yoluxma və onlarla təmasda olanlar barədə informasiyalar yerləşdirilib.”
R.Bayramlının sözlərinə görə, ən əsas uğurlu addımlardan biri xəstələrin erkən aşkarlanmasıdır: “Sağalmış insanların plazmalarından istifadə olunur. Bu səbəbdən xüsusi proqramlarla donorların tam müayinəsi aparılır. Alınmış plazmalar pasportlaşdırılacaq. 1326 sağalmış insan var. Hətta 92 yaşlı nənə xəstəliklə mübarizədə qalib gəlib”.