“Məni bu müharibənin mülki əsirləri siyahısına daxil edin və müvafiq hüquqi nəticələr yaradın”
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək, ona Rusiya-Ukrayna müharibəsinin mülki əsiri statusu verilməsini istəyib. İddia edib ki, Gürcüstanda təqibləri Rusiyanın hərəkətləri ilə bağlıdır. AYNA.AZ xəbər verir ki, Saakaşvili müvafiq müraciəti rəsmi “Facebook” səhifəsində dərc edib.
Ukrayna dövlət başçısına müraciətinin səbəbi Saakaşvilinin xəstəxanadan həbsxanaya köçürülməsi və 2022-ci ilin mart ayında "tammiqyaslı müharibənin başlamasından qısa müddət sonra" zəhərlənməsi olub.
O Rusiyanın onun zəhərlənməsini təşkil etdiyinə və hazırkı Gürcüstan hökumətinin "açıq şəkildə Rusiyanın tərəfini tutduğuna" əmindir. Buna görə də, Saakaşvili hesab edir ki, onun təqiblərinin və taleyinin müharibə ilə əlaqəli olması "tamamilə aydındır".
“Sizdən xahiş etmək istəyirəm ki, 2019-cu ildə qanunsuz olaraq ləğv edilmiş vətəndaşlığımı qaytardığınız kimi, xahiş edirəm məni Odessa Vilayət Dövlət Administrasiyasının keçmiş rəhbəri və Gürcüstandakı Rusiyapərəst rejim tərəfindən qanunsuz olaraq saxlanılan Milli İslahat Şurasının icra komitəsinin sədri kimi bu müharibənin mülki əsirləri siyahısına daxil edin və müvafiq hüquqi nəticələr yaradın”, - deyə Saakaşvili qeyd edib.