Aleksandr Başkin: “Ermənistan-Rusiya münasibətlərində fəsadlar törətmək cəhdləri nəticə verməyəcək”
“Rusiya və erməni xalqları iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirir və Qərbdə nə qədər istəsələr də, onların dağılmasına imkan verməyəcəklər”. AYNA xəbər verir ki, bu sözləri “RİA Novosti”yə rusiyalı deputat Aleksandr Başkin deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bəyanatları erməni xalqının Rusiya haqqında düşüncə və hisslərini, eləcə də iki ölkə arasında münasibətlərin ənənəvi səviyyəsini əks etdirmir.
“Ermənistan rəhbərliyinin hərəkətləri və sözləri erməni və rus xalqları arasında münasibətlərin ifadəsinin mahiyyəti deyil. Bu, Ermənistan və Rusiya arasında münasibətlərin həqiqi və ənənəvi səviyyəsini əks etdirmir. Ona görə də ayrı-ayrı siyasətçilərin, hətta çox yüksək rütbəli şəxslərin dedikləri ilə adi vətəndaşların nə düşündüklərini ayırmaq lazımdır”, - Başkin bildirib.
Deputatın sözlərinə görə, bu bəyanatların bəziləri dövlətlər arasında münasibətləri çətinləşdirməyə cəhddir.
Qeyd edək ki, sentyabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” nəşrinə müsahibə verib və Rusiyanın regiondakı rolu ilə bağlı bir sıra tənqidi bəyanatlar verib. Ermənistanın Baş naziri indiyədək 99,9% Rusiyadan asılı olan ölkənin təhlükəsizlik arxitekturasının şaxələndirilməsinin zəruriliyinə diqqət çəkib. O, həmçinin qeyd edib ki, respublikanın təhlükəsizlik üzrə yalnız bir mərkəzdən asılı olması strateji səhvdir.