Rusiyada botulizm epidemiyası tüğyan edir: daha bir nəfər ölüb

Dünya

05.07.2024 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda Rusiyada 410 zəhərlənmə faktı məlumdur: xəstəxanalarda müxtəlif ağırlıq dərəcəsi olan 54 xəstə var

Botulizmə yoluxan daha bir rusiyalı Nijni Novqorod vilayətində dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə Regional Səhiyyə Nazirliyindən “RİA Novosti”yə bildirilib.

“İyunun 28-də botulizm əlaməti ilə iyunun 17-də xəstəxanaya yerləşdirilən və vəziyyəti son dərəcə ağır olan xəstənin ölümü təsdiqlənib. Ölüm bir sıra səbəblərdən, o cümlədən botulizmdən baş verib”, - deyə nazirliyin Mətbuat Xidmətindən bildirilib.

Botulizmdən ilk ölüm iyunun 15-də baş verib. Kostroma vilayətinin 21 yaşlı sakini qohumlarını ziyarət etmək üçün iyunun 12-də Nijni Novqoroda səfər edib. O, iyunun 12-dən 15-dək şəhərdə olub və “Local Kitchen” şirkətinin hazır salatını (Kitchen in the District brendi) yeyib. Ondan sonra botulizmə yoluxan gənc vəfat edib.

“112” “Telegram” kanalına təhlükəsizlik qüvvələrinə yaxın mənbələr bildiriblər ki, hazırda ölkədə 410 zəhərlənmə faktı məlumdur. Rusiya xəstəxanalarında müxtəlif ağırlıq dərəcəsi olan 54 xəstə var. Yoluxanlar arasında Moskva vilayəti, Tatarıstan, Yaroslavl, Nijni Novqorod, Kostroma və Tambov vilayətlərinin sakinləri var.

Rusiyalı infeksionist, tibb elmləri doktoru Vladimir Nikiforov bildirib ki, botulizmin son epidemiyası Rusiya tarixində ən böyük epidemiyaya çevrilib. Onun sözlərinə görə, əvvəllər mövcud mənbələrdə xəstəliyin belə kütləvi təzahürü barədə heç bir məlumat verilmirdi. Tipik olaraq, botulizm eyni ailə daxilində evdə hazırlanmış konservləşdirilmiş qidaların istehlakı nəticəsində yoluxmuş bir neçə insana yayılır.

Bu ilin iyun ayında baş verən botulizm xəstəliyinə səbəb vakuum qablaşdırmada olan qırmızı lobyaların qeyri-münasib şəraitdə və yararlılıq müddətindən artıq saxlanması olub. Xəstələrin çoxu “Samokat” internet mağazası vasitəsilə “Kictchen on the District”in satdığı “Lobio” salatını yedikdən sonra yoluxub.

İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açıb (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsi). Onun çərçivəsində dörd nəfər saxlanılıb: “Kitchen on the District”in baş direktoru Anton Lozin, xidmət keyfiyyəti şöbəsinin müdiri Yelena Maşkova, “Savon-K” lobya istehsalçısının rəhbəri Vladimir Şin və aşpaz Kərim Normatov. Sonuncu Tacikistan vətəndaşıdır. O, istintaq təcridxanasına göndərilib, qalanları ev dustaqlığına buraxılıb.

Öz növbəsində “Rospotrebnadzor” xəstəliyə səbəb ola biləcək 200 tondan çox məhsul müsadirə edib. Xəstəliyin başlanmasından sonra Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin sədr müavini Anatoli Vyborni Baş Prokurorluqdan sanitar normalara riayət olunmasını təmin etmək üçün bütün hazırlanmış qida istehsalçıları və satıcılarında plandankənar yoxlamalar aparmağı xahiş edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş