Rusiya Qvardiya Qoşunlarını və Suriyadakı kontingentini Ukraynaya gətirir?

Dünya

04.10.2022 - 12:55

“Rusiya Qvardiya Qoşunlarının bölmələrini və Suriyadakı hərbi kontingentini döyüş əməliyyatları bölgəsinə köçürmək qərarına gəlib”

“Onlar Rusiya Qvardiyasının bölmələrini Sibirdən, kontingentini isə Suriyadan Ukraynaya köçürməyi planlaşdırır. Bu arada, səfərbər olunmuş işğalçılar öz mövqelərini özbaşına tərk edərək spirtli içki qəbul edirlər”. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

“Mövcud məlumatlara görə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi rəhbərliyi Sibir hərbi dairəsinin inzibati sərhədləri daxilində yerləşən Rusiya Qvardiya qoşunlarının bölmələrini və Suriyadakı hərbi kontingentini döyüş əməliyyatları bölgəsinə köçürmək qərarına gəlib”, - məlumatda vurğulanıb.

Baş Qərargahdan o da bildirilib ki, bu yaxınlarda yaradılan və Ukrayna ərazisinə köçürülən 3-cü Ordu Korpusunun bölmələri qarşıya qoyulan vəzifələri səmərəli şəkildə yerinə yetirə bilmir: “Köhnəlmiş və istifadəyə yararsız silah və hərbi texnika, şəxsi heyətin öz mövqelərini icazəsiz tərk etmələri və döyüş tapşırığını yerinə yetirməkdən imtina etmələri, spirtli içkilərdən istifadə etmələri, hərbi intizamın sistematik şəkildə pozulması göstərilən düşmən bölməsinin hərbi hissələrinin ruhdan düşməsinin əsas səbəbləridir”.

Məlumata görə, Tver şəhərində Ukrayna müharibəsində iştirak edən professor-müəllim heyəti və texniki mütəxəssislər çatışmazlığı səbəbindən Aerokosmik Müdafiə Hərbi Akademiyası fərdi kurslar üzrə hazırlığı dayandırıb.

Müəllif: Ayna.az