Rusiya Ermənistana nota verdi: "Qəzəblənirik"

Dünya

17.08.2022 - 13:19

"Saxta ittihamlardan ibarət rüsvayçı materialların getməsinə qəzəblənirik"

Rusiya Ermənistana nota verib. AYNA erməni mediasına istinadən bildirir ki, Rusiyanın bu ölkədəki səfirliyi notanı Xarici İşlər Nazirliyinə təqdim edib. 

"Biz "Surmalu" ticarət mərkəzinin ərazisindəki faciəyə görə yerli informasiya məkanında Rusiyanın tənqidinə, hadisədə Rusiya strukturlarının iştirakına dair saxta ittihamlardan ibarət rüsvayçı materialların getməsinə qəzəblənirik. Biz bu cür eyhamları Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar, o cümlədən lazımi ictimai şərhlər gözləyirik", - deyə notada qeyd edilib.

"Qeyd edək ki, Rusiya-Ermənistan Humanitar Cavab Mərkəzinin təmsil etdiyi Rusiya tərəfi ilk dəqiqələrdən faciənin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub”, - deyə məlumatda bildirilir.

Müvafiq nota səfirlik tərəfindən Ermənistanın Xarici İşlər Nazirliyinə göndərilib.

Xatırladaq ki, erməni mediasında İrəvandakı "Surmalu" ticarət mərkəzindəki partlayışın terror olduğu, bunun arxasında Rusiyanın dayandığı barədə materiallar dərc edilir. 

Müəllif: Ayna.az