Rubio: "Rusların müharibəni bitirməkdə ciddi olub-olmadığını bilmirik"

Dünya

15.02.2026 - 10:13

“Hələlik danışıqlarda müzakirə olunan ən çətin məsələlər həll olunmayıb”

ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında çıxışında digər məsələlərlə yanaşı, Rusiyanın Ukrayna ilə müharibəsini bitirmək səylərini də qiymətləndirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Rubio "rusların müharibəni bitirməkdə ciddi olub-olmadığını bilmirik” deyə söyləyib.

“Onlar deyirlər ki, bitirməkdə maraqlıdırlar. Hansı şərtlər altında bunu etməyə hazırdırlar və Rusiyanın həmişə razılaşacağı Ukrayna üçün məqbul şərtləri tapa bilərikmi? Hər halda, biz bunu sınaqdan keçirməyə davam edəcəyik", - deyə ABŞ dövlət katibi qeyd edib.

Rubio vurğulayıb ki, ölkəsi danışıqlar yolu ilə sülhü axtarmağa davam edəcək. O bildirib ki, hələlik danışıqlarda müzakirə olunan "ən çətin" məsələlər həll olunmayıb. O bunu "pis xəbər" adlandırıb.

"Yaxşı xəbər odur ki, bu müharibəni bitirmək üçün həll edilməli olan məsələlərin dairəsi daralıb", - deyə Rubio bildirib.

ABŞ dövlət katibi Rusiya, Ukrayna və ABŞ arasında Cenevrədə keçirilməsi planlaşdırılan danışıqlardan bir neçə gün əvvəl Münxen Təhlükəsizlik Konfransında çıxış edib. Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Rusiya nümayəndə heyətinə isə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

“Reuters” agentliyinin məlumatına görə, görüşdə ABŞ-ı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcək.

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə iki raund danışıqlar aparıblar. Birincisi 23-24 yanvar, ikincisi isə 4-5 fevral tarixlərində baş tutub. İkinci görüşdən sonra Moskva və Kiyev 157 məhbusu 157 məhbusa dəyişdiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş