Rəisi: “İran Qafqazda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək”

Dünya

11.08.2022 - 12:33

İran Prezidenti ilə Ermənistanın Baş naziri arasında telefon danışığı olub

“İran Qafqaz regionunda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək. Tehran bölgədə sülh və sabitliyin bərqərar olmasına yardım etməyə hazırdır”. AYNA İran mediasına istinadən bildirir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.

Rəisi 2020-ci ildə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı Üçtərəfli Birgə Bəyanata istinad edib.

Onun sözlərinə görə, atəşkəs razılaşmasına əməl etmək, qalan məsələləri dialoq və diplomatik yollarla həll etmək Qafqaz regionunda təhlükəsizliyin və əmin-amanlığın bərpasının ən yaxşı yoludur.

Paşinyan İran Prezidentinə Ermənistanla Azərbaycan arasında baş verən son toqquşmalar barədə məlumat verib. Onun sözlərinə görə, Ermənistan İranla yol və enerji sektorlarında əməkdaşlığı genişləndirməyə, eləcə də iki tərəf arasında malların tranzitini asanlaşdırmağa hazırdır.

Müəllif: Ayna.az