“ABŞ-ın hərəkətləri ölkəni Rusiya ilə böyük münaqişəyə doğru itələyir”
“ABŞ-ın Ukraynaya yardımı Üçüncü Dünya müharibəsini yaxınlaşdırır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd olacağını açıqlayan Vivek Ramasvami deyib.
Onun sözlərinə görə, ABŞ Ukrayna münaqişəsinə 200 milyard dollardan çox vəsait xərcləyib: “Bu, Amerikanın maraqlarına heç bir şəkildə uyğun deyil. ABŞ-ın hərəkətləri ölkəni Rusiya ilə böyük münaqişəyə doğru itələyir”.
Ramasvami belə bir vəziyyətin həm iqtisadi, həm də qeyri-iqtisadi baxımdan son dərəcə təhlükəli olduğunu vurğulayıb: “Amerikalı siyasətçilər hərbi podratçılardan milyonlarla dollar qazanırlar. Mən hakimiyyətə gəldikdə buna son qoyacağam”.
Bundan əvvəl Ramasvami 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanı NATO-ya buraxmayacağını açıqlayıb. Amerikalı siyasətçi hesab edir ki, buna cavab olaraq Rusiya Çinlə hərbi əməkdaşlığı dayandıracaq, Kalininqraddan nüvə silahlarını çıxaracaq və Qərb yarımkürəsindəki hərbi mövcudluğundan əl çəkəcək.