“Trampın heç bir məbləğdə pulu qrenlandiyalıları ABŞ-a qoşulmağa inandıra bilməz”
“ABŞ Prezidenti Donald Trampın heç bir məbləğdə pulu qrenlandiyalıları ABŞ-a qoşulmağa inandıra bilməz”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Danimarka Parlamentindəki iki Qrenlandiya nümayəndəsi deyib.
Bu açıqlamanı ərazi məsələləri ilə məşğul olan komitəyə sədrlik edən Danimarka Parlamentindəki Qrenlandiyanın nümayəndəsi Aaja Chemnitz və müxalifət partiyası “Naleraq Landmark”dan olan Qrenlandiya millət vəkili Aki-Matilda Hoeg-Dahm veriblər.
"Heç bir məbləğdə pul milli ruhumuzu ala bilməz. Bir xalqı satın ala biləcəyinizi düşünmək hörmətsizlikdir. Bütün təməliniz dağılarkən birdəfəlik ödənişin nə faydası var?", Chemnitz bildirib.
Hog-Dahm həmçinin ABŞ-a qoşulmaqla bağlı hər hansı bir pul razılaşmasını da istisna edib: "Biz mübadilə edilə bilən bir əmtəə deyilik. Nə qədər pul təklif olunsa da, yenə də çox ucuz olacaq. Bu, ləyaqət məsələsidir".
Chemnitz bildirib ki, əgər ABŞ adaya nəzarəti ələ keçirsə, Qrenlandiyanın mədəniyyəti, kimliyi, dili və həyat tərzi "çox qısa müddət ərzində tamamilə məhv olacaq".
"ABŞ-dan fərqli olaraq, Qrenlandiya kapitalist cəmiyyət deyil. İcma, ailələrimiz və sosial əlaqələrimiz bizim üçün vacibdir. Biz təbiətlə harmoniyada yaşayırıq və bu həyat tərzini qorumaq istəyirik", - deyə o vurğulayıb.
O həmçinin Tramp administrasiyasını Qrenlandiyadakı şərait haqqında məlumatları öz rəvayətini dəstəkləmək üçün təhrif etməkdə, xüsusən də adanın əhalisini az göstərməkdə və çox sayda Rusiya və Çin hərbi gəmisinin qonşu sularda fəaliyyət göstərdiyini yalan iddia etməkdə günahlandırıb.
Bu şərhlər mediada Amerika rəsmilərinin Qrenlandiya sakinlərini Danimarkadan ayrılmağa və ABŞ-a qoşulmağa inandırmaq üçün birdəfəlik ödənişlərin təmin edilməsi imkanını müzakirə etdikləri barədə xəbərlərdən sonra səslənib.