“Qoruyucu vasitəsiz, üz-üzə döyüşmək hər oğlanın işi deyil” - FOTOLAR

İdman

12.12.2021 - 20:22

Baş məşqçi: “Əlbəyaxa döyüşə aid nə varsa, hamısı budoda cəmlənib”

Ötən günlərdə Tunisin  Hammamet şəhərində keçirilən budo idman növü üzrə Dünya Çempionatında, baş məşqçi Xəyal Quliyevin rəhbərliyi ilə, Azərbaycan milli komandası 10 idmançı ilə təmsil olunub. Çempionat milli yığmamız üçün uğurlu keçib və idmançılarımız 4 qızıl, 2 gümüş və 1 bürünc medalla geri dönüblər.

Beləliklə, AYNA-nın həmsöhbəti baş məşqçi Xəyal Quliyevdir.

- Xəyal müəllim, Azərbaycanda karate, taekvando, cüdo, güləş, boks kimi döyüş idman növlərinin çox məşhur olduğu aydındır. Bəs, budo? Bu idman növünə maraq necədir?

- Budo əlbəyaxa döyüş növlərinə daxildir. Qısa müddət olmasına baxmayaraq sürətlə inkişaf edirik. Azərbaycanın demək olar ki, bütün bölgələrində Budo Federasiyasının bir klubu fəaliyyət göstərir. Sevindirici haldır ki, budo idman növünə maraq günü-gündən artır. Çalışırıq ki, regionlarda tez-tez yarışlar, turnirlər təşkil edək. Bununla da maraq daha da çoxalır. Bir il ərzində idmançılarımız respublika, dünya və digər miqyaslı yarışlarda iştirak edirlər. Ümumilikdə, il ərzində 7-10  yarış keçirilir. Bu da idmanımızın inkişafına böyük təsir göstərir.

- Neçə ildir bu idman növü Azərbaycanda mövcuddur?

- 2008-ci ildən Budo Federasiyası fəaliyyət göstərir. Budonu Azərbaycana qara kəmər ustası Faiq Rəfiyev gətirib.

 

- Hansı idman növlərindən daha çox idmançılar budoya meyillənirlər?

- Budonun tərcüməsi döyüş yolu deməkdir. Əlbəyaxa idman növü gedir. Kikboksinq, MMA, taekvando, güləş və s. bizim idman növündə var. Döyüşün də növləri var. MMA versiyası “Full kontakt” adlanır, kikboks fersiyası “Trikontakt” gedir. Başqa kontakt növləri də var. Bir sözlə, dünyada əlbəyaxa döyüşə aid nə varsa, hamısı bu idman növündə cəmlənib. Bütün əlbəyaxa idman növlərində məşq edən idmançılar bizim idmanda məşq edə bilirlər.

- Bəzi qeyri-olimpiya idman növlərində beynəlxalq yarışlarda hər çəkidə 2-3 nəfər idmançı olur. İdmançı məğlub olanda belə, yarışın bürünc medalçısı olur. Budo üzrə beynəlxalq yarışlarda rəqabət necədir?  

- Bizdə rəqabət kifayət qədər böyükdür. Ən azı 3 rəqibə qalib gəlmək lazım olur ki, medal sahibi olasan. Bu gün internet dövrüdür. Bütün yarışları onlayn versiyada tapıb baxmaq olur. Azərbaycan Çempionatında 600-ə yaxın idmançı iştirak edir. Beynəlxalq yarışlarda isə xüsusilə rəqabət çox olur.

- Pandemiya ilə əlaqədər uzun müddət idmançılar məşq edə bilmirdilər. Siz idmançıların formadan düşməməsi üçün nələr edirdiniz?

- Pandemiya dövrü həqiqətən idman sahəsinə ciddi təsir göstərdi. Biz də idmançılar ilə bir müddət məşq edə bilmədik. Amma daha sonra Gənclər və İdman Nazirliyi tərəfindən yığma komandalara icazə verilmişdi ki, yarışlara hazırlıq edək. Ona görə də məşqlərimizə davam edirdik.

- Digər idman növlərindən budoya keçənlər çoxdur, yoxsa sıfırdan öyrənməyə gələnlər daha çoxluq təşkil edirlər?

- Digər idman növlərindən gələnlər də var. Amma digər idman növlərindən gələnlər mütləq şəkildə bizim idman növünün incəliklərini öyrənməlidirlər. Əks halda qələbə qazana bilməzlər. Həmçinin sıfırdan budo idman növü ilə məşğul olanlar da az deyil. Bu da bizi sevindirir.

- Bir çox idmançılar iddia edirlər ki, qeyri-olimpiya idman növündə uğur qazananlar olimpiya idman növündə uğur qazana bilməyib, həmin idman növünə üz tutanlardır. Həqiqətən belədir?

- İdmançı peşəkardırsa, fərqi yoxdur hansı idman növü üzrə Azərbaycanı təmsil edir. Əsas odur bayrağımızı yüksəldir.  Dövlətimiz bu işə nəzarət edirsə, heç bir problem ola bilməz. Bizim öz federasiyamızda idman ustalarımız da az deyil. Hər adamda o ürək yoxdur ki, əlcəyi geyinib, üz-üzə dayanıb dava etsin. Döyüşlərə çıxarkən hansısa müdafiəedici geyim geyinmirik. Bir sözlə, hər oğlanın işi deyil ki, budo yarışında döyüşsün. Bizim yarışlar heç də zəif keçmir ki, hər yoldan keçən gəlib iştirak edib medal qazansın.

Müəllif: Təranə Xudabaxşiyeva