QMİ-nin Ramazan paradoksu – Şərhə ehtiyac var

Cəmiyyət

21.04.2022 - 20:30

Hörməti və ciddiliyi qorumaq üçün reallıqla uzlaşmaq və hesablaşmaq daha yaxşı olmazdımı?

İslam ümməti Ramazan ayını yaşamaqdadır. Artıq bu mübarək ay ekvator xəttini aşıb, Fitr bayramı yaxınlaşır. İslamın əsas qayələrindən biri vəhdət olsa da, ardıcıllarının bundan xeyli uzaq olması müxtəlif zamanlarda və müxtəlif əməllərdə təzahür edir.

Belə pərakəndəliyin bir bariz nümunəsi də, demək olar ki, hər il Ramazan ayının gəlişi ilə yaşanır. Daha doğrusu, bu mübarək ayın başlanması və bitməsinin dəqiq tarixi ilə. Bu dəfə isə Azərbaycanda ümumiyyətlə, paradoksal hal yaranıb. Bu halın paradoksallığının nədən ibarət olmasına qarşıda aydınlıq gətirəcəyik.

Fərqli yanaşmalar

Məlum olduğu kimi, Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) mart ayının sonlarında Ramazan ayının başlanmasına dair fətva verdi. Bildirildi ki, bu il mübarək ay aprelin 2-dən başlayacaq. Ancaq Azərbaycanda yaşayan və həyatlarında dini ayinləri praktiki olaraq tətbiq edən (yəni dini vəzifələrini yalnız Ramazanda ac qalmaqla məhdudlaşdırmayanlar) vətəndaşların böyük hissəsi Ramazan orucunu aprelin 3-dən tutmağa başladı. Sual oluna bilər ki, “nə üçün?”

Bəllidir ki, müsəlmanlar Ramazan ayı boyunca oruc tutmalıdırlar. Bu, “Quran” vasitəsilə Allahın bəndələrinə buyruğudur. Lakin Ramazan ayının başlanmasının müəyyən edilməsinə dair baxışlar fərqlidir. Buna dair İslam aləmində 3 əsas metodologiya mövcuddur:

  1. Astronomik hesablamalar;
  2. Ayın planetin istənilən nöqtəsində görünməsi;
  3. Ayın şəxsin yaşadığı və ya yaşadığı məntəqə ilə eyni coğrafi göstəricilərə malik olan yerlərdə görünməsi (burda da 2 baxış var – ayın adi gözlə və ya optik cihazla görünməsi).

Qeyd edək ki, Azərbaycanda yaşayan müsəlman əhalinin böyük hissəsi özünü şiə məzhəbinə aid edir və bu məzhəbdə olanlar da məhz üçüncü üsula üstünlük verirlər. Elə bu səbəbdən də Azərbaycanda oruc tutanların böyük əksəriyyəti bu ibadətlərinə QMİ-nin verdiyi fətvaya uyğun olaraq aprelin 2-dən deyil, bir gün sonra başladı.

Başqa bir sual isə belədir: əcəba, QMİ-də yuxarıda qeyd olunanlardan bixəbər idilər? Əlbəttə ki, xeyr! Bəs o zaman nə üçün fətva verdikdə reallığı nəzərə almayıblar? Dəqiq cavabı bir Allah bilir, bir də İdarənin rəhbərləri. Bəlkə də, kimsə qardaş Türkiyə ilə həmahəngliyi prioritet sayıb (Türkiyə müsəlmanları hicri aylarının əvvəli və sonunu müəyyənləşdirməkdə astronomik hesablamalara əsalanırlar), hərçənd dini məsələlərin və fərdi ibadətin qardaşlığa heç bir aidiyyəti yoxdur. İndi isə, vəd etdiyimiz kimi, paradoks haqqında.

Ramazan ayının atributlarından biri də Qədr gecəsidir. Məhz həmin gecə “Quran” bəşərə nazil olub. Qədr gecəsinin Ramazan ayının dəqiq hansı gecəsi olması pünhandır. Ancaq müsəlmanlar bu gecənin ibadətini yerinə yetirmək niyyəti ilə Ramazanın 19, 21, 23 (şiələr) və 27-ci (əhli-sünnə) gecələrində əhya saxlayırlar (yəni sübh azanına qədər oyaq qalıb ibadət edirlər).

QMİ-nin fətvasına uyğun olaraq, mübarək ayın 19-cu gecəsi aprelin 19-dan 20-nə keçən gecəyə təsadüf etməliydi və məntiqi olaraq məscidlərdə də müvafiq tədbirlər və dini ayinlər həyata keçirilməliydi. Lakin bu, baş vermədi. Azərbaycanın, o cümlədən paytaxtın əksər ibadət ocaqlarında ehtimal edilən birinci Qədr gecəsi bir gün sonra, yəni aprelin 20-dən 21-nə keçən gecə qeyd edildi. Bu da Ramazan orucunu aprelin 3-də başlayanlar üçün təbiidir.

Qeyri-təbii isə odur ki, bu məscidlərdə fəaliyyət göstərən bütün dini icmalar birbaşa QMİ-yə tabedir. Və paradoks da elə burda gizlənib: İdarənin verdiyi fətva hətta tabeçiliyində olanlar tərəfindən heçə sayılır.

Biz qətiyyən müsəlmanlara orucu nə vaxt başlamaları və ya bu ibadət növündə hansı prinsiplərə üstünlük vermələrinə dair yol göstərmək niyyətində deyilik: Allaha aparan yolu hər kəs özü müəyyənləşdirir.

Sualımız yenə də QMİ-yədir: cənablar, əgər verdiyiniz fətvanı hətta hüquqi müstəvidə sizə tabe olanlar da qulaqardına vurursa, o zaman bu fətva hansı auditoriyaya hesablanıb? Fətva “biz də nəsə bir iş gördük” prinsipi ilə verilibsə, başqa məsələ, sözümüz yoxdur. Amma belə deyilsə, hörməti və ciddiliyi qorumaq üçün bir qədər reallıqla uzlaşmaq və hesablaşmaq daha yaxşı olmazdımı?..

P.S. Bir müddət əvvəl məscidlərə imamların təyin edilməsi səlahiyyətləri QMİ-dən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verildi. Daha öncə isə, 2018-ci ildə İdarənin nəzdindəki Bakı İslam Universiteti qapadılmışdı. İndi faktiki olaraq QMİ-nin səlahiyyəti elə müxtəlif əlamətdar tarix və hadisələrlə əlaqədar fətva verməkdir. O da ki, belə...

Müəllif: Polad Xudayarlı