Qisasın qiyamətə qalmayacağının anonsu və İrəvan üçün tək yol

Siyasət

16.08.2022 - 14:22

Zaur Məmmədov: "Prezidentin mesajında o da vardı ki, bir daha bu cür təxribatlar baş verərsə, onlar yeni əməliyyatların şahidi olacaqlar"

İlqar Vəlizadə: "Azərbaycan siyasi alverə icazə vermir və verməyəcək. Şərtlər hər kəs üçün açıqdır"

Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri, Qarabağda baş verənlər barədə danışdı. Ölkə başçısı müsahibədə qarşı tərəfə mesajlar verdi. Avqustun əvvəlində Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatını cəza tədbiri adlandıran Prezident bildirdi ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır: "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik".

"Prinsip etibarilə gələcəkdə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bax bu faciəvi hadisələr baş verir", - İ.Əliyev vurğuladı.

Prezident onu da bir daha diqqətə çatdırdı ki, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığından başqa heç bir statusu olmayacaq: "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol". 

Prezidentin fikirlərini AYNA-ya şərh edən ekspertlər bildiriblər ki, ölkə başçısı Ermənistana və maraqlı qüvvələrə dəqiq mesajlar verdi və rəsmi Bakının dəyişməz mövqeyini bir daha diqqətə çatdırdı. 

Politoloq Zaur Məmmədov AYNA-ya bildirib ki, Prezident bizi heç kim və heç nəyin dayandıra bilməyəcəyini bir daha xatırlatmış oldu: "Demək olar ki, Azərbaycan öz hədəflərinə bir-bir çatır və çatacaq. Bundan əlavə, istər “Qisas” əməliyyatından əvvəl, istərsə də sonra dövlət başçısına telefon zənglərinin hansı ölkələr və təşkilatlar tərəfindən edildiyinin şahidiyik. Müxtəlif təsir və təzyiqlərə baxmayaraq, rəsmi Bakı öz hədəflərinə doğru əminliklə gedəcək. Əlbəttə ki, hazırda Azərbaycanın əsas hədəfi avqustun sonunda Laçın şəhəri, Zabux və Sus kəndlərinin ermənilər tərəfindən boşaldılması və təhvil verilməsidir. Bundan sonra isə Laçın dəhlizi də tarixə qovuşacaq. Onu isə yeni layihə olan Laçından keçməyən yol əvəzləyəcək ki, bu da çox vacib hədəfdir. Ümumiyyətlə, Laçın dəhlizinin Üçtərəfli Birgə Bəyanatda yer alması da olduqca önəmlidir. Dövlət başçısı müsahibəsində bunu da ölkə ictimaiyyətinə açıqladı”.

“Ermənistanı Qarabağın dağlıq hissəsi ilə birləşdirəcək yeni yolun artıq dəhliz olmayacağını nəzərə alsaq, bu, əlbəttə, vacib məqamlardan biridir. Nəinki Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycana təhvil verilir. Ümumilikdə Laçında yeni yolun statusuna yenilik gətirilir. Bu proses də vacib nüanslardan biridir. Çünki Azərbaycan istənilən zaman yolda giriş-çıxış məsələlərinə aydınlıq gətirə bilər. Belə ki, əgər Ermənistan və ya separatçılar qeyri-adekvat addımlar atarsa, bu hal baş verə bilər”, - analitik söyləyib.

Politoloq vurğulayıb ki, düşmən “Qisas” əməliyyatının gücünü gördü: "Prezidentin mesajında o da vardı ki, bir daha bu cür təxribatlar baş verərsə, onlar yeni əməliyyatların şahidi olacaqlar. Bizim əsas istəyimiz sülhdür, müharibə deyil. Azərbaycan rəsmi sənədlərə əsasən, öz öhdəliklərini hər zaman yerinə yetirir. İstərdik ki, Ermənistan da üzərinə düşən öhdəlikləri yerinə yetirsin, normal qonşuluq əlaqələrinə əməl etsin. Eyni zamanda, Zəngəzur dəhlizi, delimitasiya, erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı ciddi addımlar atsın. Əgər Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyəcəksə, biz də buna uyğun davranacağıq. Digər məsələ isə əgər Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanımasa, torpaq iddiasını davam etdirsə, Azərbaycan da bu hərəkətə eyni tərzdə cavab verəcək".

Politoloq İlqar Vəlizadə də həmkarının fikirlərini bölüşür. Analitik AYNA-ya bildirib ki, Ermənistan gərək öz pozucu siyasətindən əl çəksin və Azərbaycanla konstruktiv dialoq başlatsın: "Üçtərəfli Birgə Bəyanatda göstərilən bütün məsələləri Azərbaycan yerinə yetirib. Lakin Ermənistan tərəfi qeyd edilən müdəaları bağlı öz öhdəliklərini yerinə yetirmir. Prezident bunun həll edilməli olduğunu bir dasha Ermənistan rəhbərliyinin diqqətinə çatdırdı. Müddəaların yerinə yetirilməməsi gərginliyə səbəb olur. Məsələn, Laçın dəhlizi ilə bağlı olan gərginliyi götürək. Azərbaycan razılaşmanın dördüncü bəndinə əsasən, öz ərazindən Laçın dəhlizinə alternativ yol çəkib. Ermənistan tərəfi öz ərazindən bu yola bitişik olan yolu çəkməyib. Son nəticə olaraq, Ermənistan Laçın dəhlizindən istifadə etməyə məhrumolma təhlükəsi ilə üz-üzə qalıb. Baxmayaraq ki, vaxtilə Azərbaycan təklif etmişdi ki, Ermənistan ərazindən keçən yolun bir hissəsini Azərbaycan tiksin. Ermənilər bundan imtina etdilər və nəticədə acizliklə Azərbaycana və sülhməramlılara müraciət edərək vaxt tələb etdilər. Əlavə vaxt ərzində Laçında qeyri-qanuni məskunlaşmış insanlar çıxarılsın və Ermənistan ərazindən keçən yolun bir hissəsini onlar tiksinlər. Laçında məskunlaşan ermənilərin oradan çıxarılmasına imkanlar yaratmışıq. Lakin ermənilər öz xasiyyətlərindən əl çəkməyərək vaxtilə zəbt etdikləri evləri yandırıb məhv edirlər. Bu da onu göstərir ki, müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq Ermənistan tərəfi və erməni əhalisi reallıqları olduğu kimi qəbul etmirlər". 

"Azərbaycan siyasi alverə icazə vermir və verməyəcək. Şərtlər hər kəs üçün açıqdır. Azərbaycanın ərazi və sərhəd bütövlüyünün tanınmasıdır. Bu istiqamətdə işlər çox ləng gedir. Prezident də qeyd etdi ki, bu ləngimə ermənilərin xeyrinə olmayacaq. Qarabağda yaşayan ermənilər həqiqətən normal şəkildə yaşamaq istəyirsə, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Şərt bəllidir ki, heç bir status, heç bir imtiyaz onlar üçün nəzərdə tutulmayıb. Bu mesajlar dünya ictimaiyyətində, moderator rolunda çıxış edən ölkələrdə və Ermənistanda eşidildi", - İ.Vəlizadə fikrini yekunlaşdırıb.

Müəllif: Anar Bayramoğlu