Qırğızıstan Rusiyanı məhkəməyə verib: miqrantların hüquqları pozulub

Dünya

28.01.2026 - 09:28

"Tibbi sığorta əmək miqrantlarının ailə üzvlərinə də şamil edilməlidir”

Qırğızıstan hakimiyyəti Rusiyaya qarşı Avrasiya İqtisadi Birliyi (AİB) məhkəməsində iddia qaldıraraq, Moskvanı qırğız əmək miqrantlarının hüquqlarını pozmaqda ittiham edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Rusiyanın əmək miqrantlarının ailələrinə qarşı hərəkətləri AİB-in miqrantları üçün sosial təminat haqqında Sazişinin 96-97-ci maddələrini pozur.

Qırğızıstanın İcbari Tibbi Sığorta Fondunun sədri Əzəmət Mukanov ölkə parlamentində (Yoqorku Keneş) müvafiq komitənin iclasında bildirib ki, iş Rusiya hakimiyyətinin Rusiya Federasiyasına işləməyə gələn əcnəbilərin ailə üzvlərinə pulsuz icbari tibbi sığorta (İTS) təmin etməkdən imtinası ilə bağlıdır.

"Tibbi sığorta əmək miqrantlarının ailə üzvlərinə də şamil edilməlidir. Bu məsələ Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun səfəri zamanı da müzakirə olunub", - Mukanov bildirib.

“Məhkəmə artıq Qırğızıstanın iddiasına baxır. Qərar iki həftə ərzində veriləcək”, o əlavə edib.

Qeyd edək ki, Rusiya hakimiyyəti miqrant işçilərə tibbi yardım göstərmək qaydalarını dəyişdirib. Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, yeni qaydalara əsasən, xarici vətəndaşlar yalnız Rusiyada beş illik qanuni işdən sonra pulsuz tibbi yardım almaq hüququna malik olacaqlar. İmmiqrasiya siyasətinin sərtləşdirilməsi fonunda 2024-cü ildən bəri milyonlarla əcnəbi Rusiyanı tərk edib. Qırğızıstan, Tacikistan və bir sıra digər ölkələrin hakimiyyət orqanları vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş