Qəssab işləyirsə, bərbər niyə işləməsin - Virusu görünməzə çəkməyək

Cəmiyyət

15.04.2020 - 22:36

Gözəllik salonları və bərbərxanaların fəaliyyətinin dayandırılması “qaş düzəltdiyin yerdə göz çıxarmağa” səbəb ola bilər

 

Pəncərələrdən bayırda hər yerdə koronavirus “küləyi” əsir, gecə həyatı donduğu kimi, gündüz həyatı da donmuş haldadır. Eyni zamanda, insanların təmin edilməli olan ehtiyacları var. Məsələn, həyati vacib ehtiyaclar: Yemək, su kimi. Bunu gündə bir dəfə ən yaxın dükana getməklə təmin edə bilərsiniz.

 

Bir də var digər ehtiyaclar. Bunlar şəxsi xarakterlərdən, istəklərdən irəli gəlir. Məsələn, bərbər və gözəllik salonlarının xidmətləri. Karantin rejimi səbəbindən belə məkanların bağlanması insanları müəyyən çətinliklərlə üz-üzə qoyub. Çünki bu bərbər və gözəllik salonlarının xidmətlərindən istifadəni bəzi şəxslər özləri üçün zərurətə çeviriblər.

 

Hətta, bununla bağlı sosial şəbədəkə bəzi yumoristik mesajlar da yayılıb. “İki paket qarabaşağı gizli fəaliyyət göstərən gözəllik salonunun ünvanıa dəyişirəm”, - kimi. Eyni zamanda, evdə xidmətin miqyası da genişlənib. Qabaqlar az-az hallarda insanlar bəzək-düzəkçiləri evə çağırırdılarsa, karantin dövründə bu cür halların sayı artıb.

 

İqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya şərhində evdəki xidmətin artmasını təbii qəbul etdiyini deyib: “Şəxsi təmaslar öz rolunu oynayır, bir çoxlarında əvvəllər getdikləri ustaların əlaqə nömrələri var. Müştərilərinə yaxın yaşayanlar onların evlərinə gedə bilirlər. Bu, koronavirusa yoluxma baxımından müəyyən bir təhlükə yaratsa da, insanlar karantin zamanı pul qazanmalıdırlar”.

 

Davamlı İnkişaf Mərkəzinin sədri Nəriman Ağayev isə o fikirdədir ki, müəyyən yoxlayıcı tədbirlər görülmək şərtilə, gözəllik salonlarının, bərbərxanaların fəaliyyətinə qismən imkan verilməlidir: “İndi supermarketlərdə karantinə qədər gözəllik salonlarında olduğundan daha çox insan var. Orada çalışanların maska-əlcək geyinməsi, lazımi qaydalara riayət etmələri və temperaturlarının yoxlanılması kifayətdir. Hər bir rayon üzrə sanitar-epidemioloji stansiyanın diqqətlə seçməli olduğu bir neçə bərbərxananın, salonun işləməsinə icazə verilməli və onlarda sanitar normalara əməl olunmasına ciddi nəzarət edilməlidir”.

 

“Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da AYNA-ya deyib ki, gözəllik salonlarında, bərbərxanalarda nadir hallarda izdiham olur: “Burada xidmət belədir ki, müştəri usta ilə vaxt təyin edir, həmin vaxtda gəlir və buna görə növbələr, izdiham olmur. İndi ustaların çoxu evdə xidmət göstərir ki, bunun da dövlətə heç bir faydası yoxdur – vergi ala bilməyəcək, təhlükəsizlik səviyyəsini yoxlaya bilməyəcək. Üstəlik, usta müştərini evdə də yoluxdura və ya ondan yoluxa bilər”.

 

Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) rəhbəri Eldar Zeynalov əməkdaşımızla söhbətində qeyd edib ki, qida şəbəkəsi fəaliyyət göstərdiyi halda, bərbər və gözəllik salonlarının bağlanması tədbirlərin planının yarımçıqlığından xəbər verir: “Baqqal və mağazalar işləyirsə, bərbərxana və salonların fəaliyyət göstərməsi də məntiqli olar. Bir tərəfdən, gözəllik salonlarını bağlamaq qərarını başa düşürük, çünki bərbər, kosmetoloq, manikür ustası təyin olunan bir məsafəni gözləyərək  müştəri ilə işləyə bilmir. Onlar istəsə də-istəməsə də, hər halda arada yaxın təmas yaranır. Gözəllik salonlarına hər bir usta üçün bir müştəri qəbul etməyə və hər şeyi hərtərəfli dezinfeksiya etməklə çalışmağa icazə vermək olar”.

 

“Bərbərlərin, salon ustalarının qanuni işləməsini qadağan etməyə davam etsələr, qanunsuz olaraq bunu edənlərin sayı artcaq və bu, vəziyyəti daha da pisləşdirəcək. Ancaq bu, məmurları məyus etməyəcək. Biznesin kölgədə qalması korrupsiya üçün yaxşı zəmindir. Sıravi insanlar üçünsə bu, çox həssas məsələdir”, - Zeynalov vurğulayıb.

Müəllif: Elya Belskaya