“Mən hansı məsələni neçə dəfə qaldıracağam, bunu seçicilərim müəyyən edir, hansısa məmur yox”
Milli Məclisin iclasında deputat Qənirə Paşayeva Vətən müharibəsi şəhidinin ailəsinin müraciətinə baxılmadığına görə məmurları tənqid edib. AYNA-nın xəbərinə görə, Q.Paşayeva deyib ki, bir şikayətçi var, bu Vətən uğrunda şəhid verib, özü də Birinci Qarabağ müharibəsi əlilidir. İstəyi də odur ki, məhkəmənin qərarı yerinə yetirilsin, haqqı olanı alsın.
“Məmurlar mənə deyirlər ki, Qənirə xanım, bu məsələni Milli Məclisdə 3 dəfə qaldırmısınız. Deputatla belə bir üslubda, belə bir tonda danışmaq heç doğru yanaşma deyil. Mən hansı məsələni neçə dəfə qaldıracağam, bunu seçicilərim müəyyən edir, hansısa məmur yox”, - deyə xanım deputat hiddətlənib.
Q.Paşayeva vurğulayıb ki, dövlət qurumlarından cavab ala bilmir: “Ona görə də dəfələrlə məsələni qaldırmalı oluram. Qurumlara müraciət edirəm, deyirlər baxılacaq. Nə vaxt baxılacaq?! Niyə baxılmır. Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inan. Əgər yerinə yetirməsələr mən onların adlarını da çəkərəm. Məhkəmənin qərarı yerinə yetirilsin, şəhid atasının sığorta pulu verilsin!”.