“Qəbrimi yastı tava daşı ilə örtüb, üstündə yazarsınız: Əliağa Şıxlinski”

Tarix

18.08.2022 - 10:35

Böyük general, ruhunuz şad, yeriniz Cənnət olsun!

Bu gün “Artilleriya Allahı” kimi tarixə düşmüş general Əliağa Şıxlinskinin vəfat etdiyi gündür. Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski (3 (15) mart 1863 - 18 avqust 1943) haqqında (Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı) çox yazılıb, danışılıb, deyilib... Ki, bunlar azdır, hələ çox yazılacaq, danışılacaq, deyiləcək!

Bu dəfə generalımız haqqında çox maraqlı bir yazı qarşımıza çıxdı və onu olduğu kimi təqdim edirik:

Əliağa Şıxlinski :"Əgər evdə qalmış əşyaların dəyəri mənim dəfn mərasiminə və sadə qəbir daşına kifayət edərsə, ona da Şükür. Heç bir ehsan və elan lazım deyil."

Bu bizik ?!

...Sabah özü böyük, məzarı balaca, "Artilleriya Allahı"  Əliağa Şıxlinskinin dünyamızı tərk etdiyi gündür.

Onun haqqında portret yazı  yazsam bir çox qeydlərin istər -istəməz  təkrarçılıq olardı. Lakin yazmaq istədiyim, lakin yaza bilmədiyim bir hadisə də var ki, bu da o, həbs olunan zaman ona qarşı edilən erməni vəhşiliyidir. Bax, bunu yazmaq mənim üçün çox çətindir, ürək dağlayıcıdır. Və odur ki, bu böyük insanın vəsiyyətnaməsini qeyd etməklə kifayətlənirəm.

Generalın ürək titrədən vəsiyyətnaməsi.

“Mənim ölümümdən sonra, əmlakımdan nə qalarsa: mebel, qab-qacaq, geyim şeyləri və başqa əşyalar, eləcə də qalmış nəğd pul məbləğini – həyatımın kimsəsiz illərində mənə qayğı göstərmiş həkim Bahadır Qayıbova (Bаhаdır bəy Мirzə Hüsеyn Əfəndi оğlu Qаyıbоv (1878-1949 Əliаğа Şıхlinskinin qаynıdır. Оnlаr həm də qоnşu оlmuşlаr) və onun arvadı Qayıbovaya (Vаrvаrа Qаyıbоvа dоktоr Bаhаdır bəyin аrvаdı – müəl.) vəsiyyət edirəm.

Yazılanları öz şəxsi imzam ilə təsdiq edirəm.

30 oktyabr 1933-cü il,

Bakı, Əliağa Şıxlinski

***

Biz mətnin altında imza atmış şəxslər, aqronom Nəsrulla Əlizadə və texnik Sadıq Əlizadə şahidik ki, Əliağa Şıxlinski 30 oktyabr 1933-cü ildə bizim iştirakımızla vəsiyyətnaməni tərtib edib, imzalayarkən tam sağlam əqlə və yaddaşa malik idi. 1. Nəsrulla Əlizadə, 2. Sadıq Əlizadə.

Əziz Bahadır və Varya!

Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam etdirərsə, onda mənim “əmlakım” mənim dəfnolunma və ən sadə qəbir daşı qoyulma xərclərinə belə bəs etməz, bu halda mənim vəsiyyətnaməm gülünc hal almış olar. Lakin ona əvəz olaraq, unudulmaz həyat yoldaşım Nigar xanımın vəfatından sonra, siz məni qayğı ilə hərtərəfli əhatə edərək, onsuz yaşadığım günləri mənim üçün mümkün və dözümlü etdiyinizə görə, mənim sizə qarşı olan minnətdarlığımın həddi-hüdudu yoxdur.

Bu qəni minnətdarlığı mən özümlə qəbir evinə belə aparacağam. Sizin mənə qarşı mərhəmətinizə görə Allah sizdən razı olsun.

Sizi sevən

Əliağa Şıxlinski

Bakı, 30\X-1933-cü il

***

3.01.1938-ci il

Vəsiyyətnamə yazılarkən, mənim bəzi qiymətli şeylərim var idi ki, onlar Bahadır və Varyanın mənə göstərdikləri qayğı və mənəvi köməklikdən əlavə, maddi yardımlarını qismən ödəyə bilərdi.

Lakin mən gözlənildiyindən də artıq yaşadım, satmalı nə vardısa, satıb xərclədim və bununla da vəsiyyətnamə öz mənasını itirmiş oldu.

Əgər evdə qalmış əşyaların dəyəri dəfn mərasiminə və sadə qəbir daşına kifayət edərsə, ona da Şükür. Heç bir ehsan və elan lazım deyil.

Qohumlara telefon vasitəsilə, telefon yoxsa, məktubla xəbər vermək olar.

Qəbir daşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım Nigar xanımın adı ilə yanaşı yazılsın,

Əliağa Şıxlinski.

***

Son rica /xahiş/

  • Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin.
  • Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan qəbiristanlığa aparın.
  • Qəzetdə elan verməyin.
  • Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan ağına bükülmuş cəsədi rənglənməmiş, üstünə ağ kilim salınmış tabuta qoyun.
  • Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir, muasir çətinlikləri nəzərə alsaq isə qəbahətdir.
  • Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə örtub, üstündə yazarsınız: Əliağa Şıxlinski – heç bir tarix lazım deyil.

Əliağa Şıxlinski

Bakı, 13.03.1942-ci il.

Nə tabutun içinə, nə də tabutun üstünə bir dənə də olsun gül qoyulmasın.

Əliağa ŞIXLİNSKİ.”

Bu yazını burada bitirmək istərdim..Amma onun Nigər xanıma olan sevgisi haqqında necə yazmamaq olar?! Əli ağa Şıxlınskinin Nigar xanıma həsr etdiyi "Ey Sevdiyim Dilruba”şerinə sonralar hətda Üzeyir Hacıbəyov "Ey sevdiyim,ey dilruba” şeirinin 2 bəndinə romans bəstələyib..Əliağa Şıxlinskinin Nigar xanıma sevgisi çox böyük olub və hətda belə deyib: məni sevimli Nigar xanımın yanında dəfn edərsiniz və ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”...və elə də olur və onlar yanaşı uyuyurlar.

Ey Sevdiyim, ey dilruba

Ey sevdiyim, ey dilruba,

Səbrim qərarımsan mənim.

Səd mərhaba, səd mərhaba

Nə türfə yarımsan mənim.

Görən səni ey nazənin,

Deyər: pəh-pəh səd afərin!

Dünyada mislin yox yəqin,

Əcəb dildarımsan mənim!

Gözəl zahirdə surətin,

Gözəl batin,təbiətin.

Gözəl hər işdə qeyrətin,

Namusum,arımsan mənim.

Mənim baharda bülbülüm,

Mənim qızılca sünbülüm.

Gülşənlərdə zərif gülüm,

Bağlarda barımsan mənim.

Səni ziyarət eylərəm,

Sənə ibadət eylərəm.

Həm çox sədaqət eylərəm.

Çün sən Nigarımsan mənim.

Mən aşiqin adı Əli,

Verdin bu dərsi bilməli.

Eşqindən olmuşam dəli,

Sən ahu zarımsan mənim.

"Ana və onun əziz Nigarına”

Dənizin üstündə bir ulduz yandı,

Dalğalar vuruldu işartısına.

Oxudu, ağladı, qəmli dayandı,

Yalnız əzabları qalmışdı ona.

Kədərli qayalar, dumanlı sahil,

Gecənin qoynunda inləyirdilər.

Fikirli dayanıb onlar elə bil,

Qəmli dalğaları dinləyirdilər.

Fəryada dönmüşdü dənizin səsi,

Ulduzlar sularda yırğalanırdı.

Tənha məhəbbətin qəmli nəğməsi,

Qaya qulaqlarda sırğalanırdı.

O uzaq göylərin dərinliyində,

Sözlü dodaq kimi səyridi ulduz.

Həsrət mənzilində, əzab dilində,

Sanki öz dərdini deyirdi ulduz.

O mavi göylərdən silinməyib iz,

Uzaq bir həsrətin ağrısı qalıb.

Kədərlə dinləyir göyləri dəniz,

Hıçqırır, inləyir, gözləri dolub.

...Əliağa Şıxlinski Gəncədə türklərlə birlikdə Azərbaycanın ilk hərbi korpusunu yaradan şəxsdir.. Əslində elə Bakını Nuru Paşa ilə Əliağa Şıxlinski azad ediblər. Başqa generallarımız olsa da, onlar türklərə qarşı vuruşduqlarından və həyat yoldaşları başqa millətdən olduqlarından türklər həmişə Əliağa Şıxlinski ilə iş görürdülər. Onun  isə həyat yoldaşı azərbaycanlı idi.

...Ruhu qarşısında təzimlə

Baba Allahnəzərov

Müəllif: Ayna.az