Qazaxıstan səfiri Rusiya XİN-ə çağırılıb

Dünya

05.10.2022 - 01:45

Astanaya Vrublevskinin işinin davam etməsinin yolverilməz olduğu bildirilib

Qazaxıstanın Moskvadakı səfiri Yermek Koşerbayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, diplomatın Ukrayna səfiri Petro Vrublevskinin Astanaya qayıtması ilə əlaqədar Rusiya XİN-ə çağırıldığını söyləyib.

Zaxarova qeyd edib ki, Astanaya Vrublevskinin işinin davam etməsinin yolverilməz olduğu bildirilib.

“Çox təəssüf edirəm ki, bu Bandera emissarının Astanaya “heç vaxt qayıtmayacağına” dair vədlər yerinə yetirilməyib. Məlum personaj Qazaxıstanın paytaxtında yenidən peyda olub. Açıqcasına o, diplomatik nümayəndəliyin rəhbəri kimi diplomatik qəbullarda iştirak edir. Yuxarıda göstərilən halları nəzərə alaraq, oktyabrın 4-də Qazaxıstan Respublikasının səfiri Y.B.Koşerbayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona belə bir vəziyyətin qəti şəkildə yolverilməz olduğu bildirilib”, deyə Rusiya XİN rəsmi nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Ukrayna səfiri qazaxıstanlı bloqqerə “İndi rusları nə qədər çox öldürsək, uşaqlarımız onları o qədər az öldürmək məcburiyyətində qalacaqlar” dedikdən sonra Qazaxıstanı tərk etmişdi.

Müəllif: Ayna.az