Baş Prokurorluq sabiq Baş nazirdən 1 milyon lari girov tələb edir
Gürcüstan Baş Prokurorluğu keçmiş Baş nazir İrakli Qaribaşviliyə külli miqdarda çirkli pulların yuyulması barədə ittiham irəli sürüb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, baş prokuror Giorgi Qvarakidze keçirdiyi brifinqdə deyib ki, prokurorluq Qaribaşvilidən 1 milyon lari girov tələb edir.
Bundan əvvəl Baş Prokurorluq 17 oktyabrda Qaribaşvilinin, keçmiş baş prokuror Otar Partsxaladzenin və onlara yaxın olan daha səkkiz şəxsin evlərində axtarış aparıldığını bildirmişdi. Ümumilikdə 11 milyon dollardan çox pul və digər qiymətli əşyalar müsadirə edilmişdi.
Bu ilin aprel ayında hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasına rəhbərlik edən Qaribaşvili brifinqdə vəzifəsindən istefa vermək və siyasətdən getmək qərarını açıqlamışdı.
Qaribaşvili 1 fevral 2024-cü ildə "Gürcü Arzusu"nun sədri seçilib. O 2012-ci ildə təsis edildiyi vaxtdan bəri partiyanın fəaliyyətində iştirak edib. 2012-ci ildən 2013-cü ilə qədər Gürcüstanın daxili işlər naziri və iki dəfə (2013 və 2021-ci illərdə) Baş nazir vəzifələrində çalışıb. O həmçinin 2019-cu ildən 2022-ci ilə qədər müdafiə naziri vəzifəsində işləyib.