"Qarabağın Xarı BÜLBÜLÜ” Kitab Klubu

Mədəniyyət

20.08.2021 - 17:09

Bu, Bakı şəhərinin mədəni həyatında yeni hadisədir

 

Onu Azərbaycanın paytaxtı Bakı şəhərinin mədəni həyatında yeni hadisə hesab etmək olar. Bu Klub 2015-ci ildən kitab oxumağı sevən insanları birləşdirir. Başlanğıcda sadəcə Vatsap qrup idi, bir kitab seçib oxuyar, sonradan 2 ayda, 3 ayda bir dəfə görüşər və oxuduğumuz kitabı müzakirə edərdik. Qrupun üzvlərinin çoxu işlədiyi üçün vaxt azlığı kimi problem ilə üzləşirdik. Zaman keçdikcə biz tez-tez yığışmağı qərara aldıq və daha çox maarifçilik ilə məşqul olmağa başladıq.

 

Bu yerdə mən Klub kimi qurumların harada yaranması və belə birliyin bizdə yaradılması haqqında öz fikirlərimlə bölüşmək istərdim. İlk dəfə Klub yaratmaq həvəsi məndə Artur Konan Doylun "Şerlok Holms haqqında qeydlər" kitabını oxuyarkən yarandı. Yəqin ki, əsərin qəhrəmanlarının "Susanlar" Klubuna gəlib orada söhbət etmək istəyərkən başlarına hansı macəraların gəldiyini xatırlayırsınız. Buradan belə qənaətə gəlmək olar ki, Klubların vətəni İngiltərədir.

 

XVII əsrdə Oksforddan qovulmuş tələbə Kreton öz dostları ilə birgə qızlıncə qəhvə yetişdirərək xəlvəti qəhvəiçmə toplantıları təşkil edirmiş. Nəzərinizə çatdırmaq istəyirəm ki, həmin zamanlarda qəhvə Birləşmiş Krallıqda qadağan edilmişdi. Qəhvəxorlar bu toplantıları "KLUB" deyə  adlandırırlar."KLUB" (club- ingiliscə yazılışı) - ingilis dilindən "ağac toxmaq, dəyənək" kimi tərcümə edilir. Bu adla onların nəyi nəzərdə tutduğunu indi dəqiqliklə demək mümkün deyil. Amma 1675-ci ildə II Karl bütün qəhvəxanaları bağlatdırır.

 

Ancaq bir zamandan sonra, yəni XVIII əsrdə klublar yenidən dəbə düşür. Kişilərə burada dincəlmək və əylənmək üçün hər cür şərait yaradılır. Bu birliklərin bir çoxu ekssentrik səpkidə qurulmuşdu (məsələn, Burunsuzlar Klubu,Yalançılar Klubu, Lazımsız əşya düzəldənlər Klubu).

 

Hər bir Kluba üzv olmaq üçün üzvlük haqqı ödəmək, müəyyən qaydalara riayət etmək, dress kodu gözləmək kimi şərtlərə əməl etmək lazımdı. Bütün İngiltərə Klublarının daha bir xüsusiyyəti var idi - ora ancaq kişiləri qəbul edirdilər. Bu diskriminasiya indi də davam edir. Məsələn, çoxdan mövcud olan "Karlton" Klubuna Marqaret Tetçeri qəbul etmək üçün onu "fəxri kişi" elan etmişdilər.

 

Bir neçə tanınmış ingilis klubuna nəzər yetirək. 1831-ci ildə yaradılmış "HARRİK" Klubunun üzvləri  arasında ədliyyə naziri  Maykl Qoy, yazıçılar Allan Miln, Çarlz Dikkens, Kinqsli Emis, Herbert Uels vardı. Burada centlmenlər nahar etmək, kitabxanadan yararlanmaq, sakitlikdə dincəlmək kimi imtiyazlardan istifadə edə bilərdilər.

 

1762-ci ildə Lord Şelbern tərəfındən yaradılmış "Boodles Klub" İngiltərənin Konservatorlar Partiyası ilə sıx əlaqədə olub və öz üzvlərini həmin qurumun tərəfkeşlərindən təşkil edib. Məsələn: Baş nazir Uinston Çerçil, hersoq Uilyam  Kavendiş, yazıçı Yan Fleminq, iqtisadçı Adam  Smit və başqaları həmin klubda təmsil olunublar. Ənənəvi centlmen Klublarında klub üzvləri dostları ilə ünsiyyət qurmaq, stolüstü oyunlar oynamaq, yemək yemək, bəzən hətta qecələmək kimi imkanlara malik idilər.

 

Göründüyü kimi, Klub "ikinci ev" kimi düşünülmüş və yüksək təbəqəyə, ortagəlirli kişilərə dincəlmək və əylənmək üçün imkan verirdi.

 

Rusiya imperatriçası II Yekaterinanın dövründə çoxlu sayda ingilis iş adamı ölkəyə axışır. Onlardan biri, Frans Qardner, 1770-ci ildə Peterburqda "İngilis Klubu" yaradır. Burada təm-təraqlı ziyafətlər, kart oyunları təşkil olunur.1771-ci ildə üzvlərin sayı 260 nəfərə çatır.1780-ci ildə isə üzvlərin sayına məhdudiyyət qoyulur - ancaq 300 nəfər. 1772-ci ildə "İngilis Klubu" Moskva şəhərində də  yaradılır. Sovet dövründə isə Klubu ləğv edirlər.

 

Klub yenidən 1996-cı ildə yaradılır və Moskva şəhərinin meri Yuri Lujkov onun sədri seçilir.

 

İndi isə bizim Klubumuzdan danışaq. Əvvəlcə Klubun adı "Kingdom of Books" olub. Biz daha çox klassik əsərləri oxuyub sonradan onları müzakirə edirdik. Zaman keçdikcə biz daha tez-tez görüşmək, şəhərdə fəaliyyət göstərən muzeylərə qetmək, təbiət qoynunda maraqlı görüşlər keçirmək kimi tədbirlərə üstünlük  verdik.

 

Nəhayət bizim müzəffər ordumuz erməni işqalçılardan torpaqlarımızı azad etdi. 44 günlük müharibənin yaratdığı ruh yüksəkliyi bizi Klubun adını dəyişdirib "Qarabağın Xarı BÜLBÜLÜ" qoyulmasına sövq etdi. Xarı bülbül  rəmzi bizim klubun iş tərzini dəyişdirdi - indi biz daha çox mədəni diplomatiya, Azərbaycanın milli dəyərlərini tərənnüm etmək kimi məqsədləri önə çəkmişik.

 

Bu yaxınlarda Klub "Xarıbülbül - qələbə rəmzidir" adlı müsabiqə keçirdi. Müsabiqə iştirakçıları bu mövzuda şer ya esse yazmalı idilər. Müsabiqədə iştirak üçün onlardan 24-ü seçdik ki, onların da üçü qalib olacaq. Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

 

"Qarabağın Xarı BÜLBÜLÜ " klubu bir neçə maraqlı görüş keçirib. Onlara "Qarabağın məhşur xanımları" mövzulu tarixçi Fuad Axundov ilə görüşü də aid etmək olar. Həmin mühazirədə nümayiş olunan şəkillər və tarixi faktlar çox böyük marağa səbəb oldu.

 

Bundan başqa Klubumuz tanınmış yazıçı İsmayıl Şıxlının “Dəli Kür” romanının müzakirəsinə həsr olunmuş qörüş keçirdi. Klubun üzvləri bu əsərin indi də çox müasir olduğunu, bəzi problemlərin indi də həyatımızda mövcud olmasından bəhs etdilər.

 

Klubun mədəni fəaliyyəti davam edir və biz öz üzvlərimizin arasında daha çox gənc görmək istərdik.Onları Kluba dəvət edir və maraqı tədbirlərdə fəal iştirak etməyə çağırırıq.

 

Tamilla Abbasova

Müəllif: Ayna.az