“Qarabağda müharibə başlaması qaçılmaz olacaq” – <font color=red> DEPUTAT</font>

Siyasət

14.09.2020 - 19:19

Elşad Mirbəşiroğlu: “Ermənistanın hər hansı bir ölkədən silah alması bizim üçün təhlükəli deyil”

 

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində real addımlar atılmırsa, ATƏT-in Minsk Qrupu vasitəçilik missiyasını uğursuz həyata keçirirsə, Ermənistan təxribatlarında israrlıdırsa, müharibə ehtimalları da çox böyükdür. Hesab edirəm ki, Ermənistan Azərbayacana qarşı davamlı olaraq təxribatlar törətmək üçün bütün vasitələrə əl atır. Bu məsələdə onlara kömək edən tərəf isə təkcə Rusiya deyil. Yəni, Rusiyanın Ermənistana silah satması, onun təxribatlarına rəvac verən yeganə hal deyil. Nəzərə almaq lazımdır ki, Rusiya ilə Azərbaycan arasında da kifayət qədər geniş hərbi-texniki əməkdaşlıq mövcuddur. Rusiyanın bu və ya digər ölkələrlə əməkdaşlıq etməsi də onun daxili işidir”.

 

Bunu AYNA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib. O, məsələnin digər tərəfinə də toxunub: “Bu da ondan ibarətdir ki, Rusiya da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistana özünü tam cəzasızlıq şəraitində hiss etməsi üçün şərait yaradır. Məsələnin ən vacib tərəfi bundan ibarətdir. Ermənistana təkcə Rusiya deyil, başqa ölkələr də kifayət qədər böyük həcmdə silah satır. Lakin Ermənistanın hansı miqdarda silah alması məsələnin ən vacib tərəfi deyil, məsələnin ən vacib tərəfi ondan ibarətdir ki, Ermənistanın törətdiyi təxribatlara və həyata keçirdiyi işğalçılıq siyasətinə görə beynəlxalq ictimaiyyətin hər hansı bir reaksiyası yoxdur. Ən təhlükəlisi də məhz budur”.

Elşad Mirbəşir oğlu — Vikipediya

Deputat Ermənistanın hər hansı bir ölkədən silah almasının təhlükəli olmadığını və bunu gələcəkdə baş verəcək müharibənin əsas səbəbi hesab etmədiyini qeyd edib: “Çünki Ermənistan nə qədər silahlanır-silahlansın, kiminlə əməkdaşlıq edir-etsin, Azərbaycanın hərbi gücü həmişə Ermənistandan güclü olub. Çünki Azərbaycanın dayanıqlı iqtisadi gücü var, Azərbaycanın geniş əməkdaşlıq sistemi mövcuddur və bu əməkdaşlıq sistemi içərisində hərbi-texniki sahə xüsusi rola malikdir. Hətta, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə yaxındır. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistanla Azərbaycan ordusunun gücünü müqayisə etmək qeyri-mümkündür. Bu baxımdan da hesab edirəm ki, Ermənistanın hərbi-texniki əməkdaşlığı deyil, işğalçı Ermənistana bu işğalçı siyasətini həyata keçirməyə biganə münasibət göstərmək geniş müharibənin səbəbi ola bilər”,

 

“Azərbaycan tərəfi həmişə qeyd edib ki, nəticəsiz danışıqlar bizə lazım deyil. Hətta, Azərbaycan Prezidenti cənab İlham Əliyev ATƏT-in mövqeyinin münaqişənin yalnız dinc vasitələrlə həll olunmasından ibarət olduğunu deyərək, ATƏT-in yanaşmasını tənqid etmişdi. Əgər dinc tənzimləmə vasitəsi bir nəticə vermirsə və bu cür də davam edirsə, o zaman Azərbaycan digər vasitələrə əl atacaq. Ölkə Prezidenti, həmçinin BMT-nin nizamnaməsinə istinad edərək Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla azad etmək hüququnun olduğunu bildirmişdi. Yəni ki, əgər münaqişənin dinc tənzimləmə vasitələri nəticə vermisə, ATƏT-in Minsk Qrupu sadəcə imitasiya xarakterli addımlar atırsa, növbətçi bəyanatlar verərək işğalçı dövlətin təxribatlarına reaksiya nümayiş etdirmirsə, təbii ki, Azərbaycan da başqa yol görməyəcək və müharibə vasitəsi ilə torpaqlarını işğaldan azad edəcək”, - Mirbəşiroğlu vurğulayıb.

 

Həmsöhbətimiz əlavə edib ki, məsələyə bu cür yanaşma tərzi bundan sonra da davam edəcəksə, genişmiqyaslı müahribənin başlanması qaçılmaz olacaq: “Azərbaycan 30 il ərzində ATƏT-in dinc imitasiyalarına dözüb, sülhsevər xalq olduğunu nümayiş etdirib və sübut edib ki, regional təhlükəsizliyin məsuliyyətini dərk edir. Amma bununla yanaşı, hərbi qüdrətimizi də davamlı olaraq artırmış, beynəlxalq münasibətlər sistemində mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirmiş və yeni reallıq yaratmışıq. Bu reallıq nəticəsində dünya dövlətləri “münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasından başqa yolu yoxdur” prinsipini qəbul etməyə başladı. Biz bu reallığı formalaşdırdıq. Təbii ki, bundan sonra da dinc danışıqlar nəticə verməyəcksə, biz bu qədər üstünlüklərə malik ola-ola, nə üçün sonsuzluğa qədər imitasiya xarakterli prosesi izləməliyik? Bu baxımdan da hesab edirəm ki, əgər məsələyə yanaşma tərzi bundan sonra da bu cür davam edəcəksə, genişmiqyaslı müharibənin başlanması qaçılmaz olacaq”.

Müəllif: Mərahim Nəsib