“Qarabağ şəhidləri və Qarabağ zəfəri” - şeir müsabiqəsi başlayıb

Mədəniyyət

09.02.2021 - 17:46

Müsabiqə Təhsil Nazirliyi, Türkiyə Təhsil Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilir

 

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsinə start verilib.

 

AYNA-nın xəbərinə görə, Təhsil Nazirliyi, Türkiyə Təhsil Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən onlayn şeir müsabiqəsinin əsas məqsədi Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və olanların əziz xatirəsini daim anmaq, qazanılan zəfəri bütün türk dünyasının qələbəsi olduğunu geniş ictimaiyyətə çatdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək, xüsusi istedada malik olan uşaqları aşkar etməkdən ibarətdir.

 

"Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsi Azərbaycan və Türkiyədən olan IX-XII sinif şagirdləri arasında təşkil olunur. Hər məktəbli yalnız bir şeirlə müsabiqəyə qatıla bilər.

 

Müsabiqənin yekununda 50 ən yaxşı şeir seçilərək kitab halında dərc olunacaq. İlk üç yerin qalibləri isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar. Müsabiqə və nəticələri barədə ətraflı məlumatı baku.meb.gov.tr ünvanından əldə etmək mümkündür.

 

Müsabiqəyə qatılmaq və müraciət formasını doldurmaq üçün bu ünvana daxil olmaq lazımdır.

Müəllif: Ayna.az