Qara dəniz səmasında toqquşma: ABŞ və Rusiya qarşı-qarşıya

Dünya

16.03.2023 - 14:17

Nazir müşaviri: “Rusiya ilə Ukrayna həlledici döyüşə hazırlaşır”

Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ-a məxsus dronu batırıb. Yayılan məlumata görə, Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib. Səhər saatlarında “Su-27”-lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb. Toqquşmadan öncə Rusiya qırıcıları PUA-nın önündə “ağılsız manevrdə” uçub.

“Bizim “MQ-9” dronumuz beynəlxalq hava məkanında adi əməliyyatlar yerinə yetirərkən Rusiya təyyarəsi tərəfindən ələ keçirilib və vurulub ki, bu da qəzaya yol açıb və “MQ-9”-un tam itkisi ilə sonuclanıb. Rusiyalıların bu cür təhlükəli və qeyri-peşəkar davranışı az qala hər iki təyyarənin qəzasına yol açacaqdı”, - deyə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı, Hərbi Hava Qüvvələrinin generalı Ceyms Hekker bildirib.

O, həmçinin vurğulayıb ki, ABŞ və müttəfiqlərinin təyyarələri belə bir insidentə baxmayaraq, beynəlxalq hava məkanında əməliyyatları davam etdirəcək. Rusiyanın ABŞ-dakı səfiri Dövlət Departamentinə çağırılıb və ondan baş vermiş hadisəyə görə izahat tələb olunub.

Bu arada Çin, Rusiya, İran və digər ölkələrin Hərbi Dəniz Qüvvələri Oman körfəzində birgə təlimlər keçirəcəkləri barədə razılıq əldə ediblər. İddia olunur ki, üç ölkənin birgə təlimləri dünyada mövcud olan qütbləşməni dərinləşdirəcək. Qərb və anti-Qərb mövqeyində olan qüvvələr arasında düşmənçiliyi daha da artıracaq.

Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukraynanın maliyyə nazirinin müşaviri Azər Xudiyev AYNA-ya müsahibəsində Rusiya qırıcısının ABŞ dronu ilə toqquşması və digər mövzular ətrafında fikirlərini bölüşüb.

- Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ-ın dronuna çırpılıb. Baş verən hadisə ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Sizcə, bu toqquşma təsadüfdür, yoxsa qəsd?

- Bu qəzanın hansı səbədən baş verdiyinə dair dəqiq məlumat yoxdur. Tərəflər hər biri öz mövqeyini müdafiə edir və qarşı tərəfi ittiham edir. Sadəcə müəyyən ehtimallar irəli sürmək olar. Tamamilə mümkündür ki, ABŞ təyyarələri kəşfiyyat məlumatları əldə etmək üçün həmin ərazidə olub. Ukraynaya son dövrlər müasir silahlar verilməsini nəzərə alsaq, Ukraynaya məxsus qırıcının da olması ehtimalı istisna edilmir. ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrika üzrə komandanı qeyd edir ki, onlara məxsus “MQ-9” dronu beynəlxalq hava məkanında Rusiya təyyarəsi tərəfindən vurularkən rutin əməliyyatlar həyata keçirib. Rəsmi Vaşinqtonun açıqlamasına görə, təyyarələri beynəlxalq hava məkanında əməliyyatlarını davam etdirəcək və Rusiyanı öz əməliyyatlarını peşəkar və təhlükəsiz şəraitdə aparmağa təşviq edəcəklər.

Ağ Evin rəsmisi isə Moskvanın ittihamlarına cavab olaraq bildirib ki, Qara dənizin üzərindən uçarkən ruslarla əlaqə saxlamağa məcbur deyillər. Rusiya Ukraynaya qarşı təcavüzə başlayandan sonra ABŞ və müttəfiqləri Ukraynaya açıq dəstək verirlər və bunu gizlətmirlər. Bu səbəbdən ABŞ-a məxsus hərbi təyyarələrin ərazidə manevr etməsi gözləniləndir. Rusiya qırıcısının ABŞ dronuna çırpılması təxribat cəhdi versiyasına daha çox uyğun gəlir.

- Çin, Rusiya və İran Oman körfəzində birgə təlimlərə hazırlaşır. Bu təlimlər Qərb və anti-Qərb bloku arasında mübarizənin növbəti mərhələsi kimi qiymətləndirilir. ABŞ və rəqibləri döyüş meydanında qarşılaşa bilərmi?

- Hesab etmirəm ki, Çin, Rusiya, İran və müttəfiqlərinin Oman körvəzində həyata keçirəcəkləri təlimlər Üçüncü Dünya müharibəsinə gətirib çıxarsın. Son dövrlər Üçüncü Dünya müharibəsi, nüvə müharibəsi kimi terminlərdən geniş istifadə olunur. Lakin bu versiya inandırıcı deyil. Çünki hər iki ehtimal, istər Üçüncü Dünya, istərsə də nüvə müharibəsi dünyanın sonunu gətirəcək və bundan hər kəsə pay düşəcək.

Burada çox güman ki, müəyyən mesajların verilməsindən söhbət gedir. Rəqibləri Amerikaya və müttəfiqlərinə mesaj verirlər ki, istənilən məqamda birləşə bilərlər. Çin müharibə tərəfdarı deyil, o, daha çox iqtisadi qüdrətini artırmağa çalışır. Rusiyanın isə başı özünə qarışıb. İrana gəldikdə, cənub qonşumuzun elə bir gücü yoxdur ki, ABŞ və Qərbə qarşı cəbhə açsın. Burada Orta Asiyaya nəzarət, ABŞ və Qərbin təzyiqləri qarşısında birləşmək niyyəti aydın görünür. Mövcud şəraitdə anti-Qərb qüvvələrinin ABŞ və müttəfiqləri üzərində üstünlük əldə etməsi inandırıcı deyil.

- Yaz aylarında Rusiya ilə Ukrayna arasında müharibənin şiddətlənəcəyi barədə məlumatlar dolaşır. İddialara görə, hər iki dövlət həlledici döyüşə hazırlaşır...

- Məlumdur ki, Ukraynada qış fəsli sərt keçir. Yaz aylarında havaların qızması ilə həm Rusiyanın, həm də Ukraynanın hərəkətə keçəcəyi gözləniləndir. Hər iki tərəf rəsmi olaraq bunu təsdiq edir. Açıq şəkildə söyləmək olar ki, Rusiya və Ukrayna həlledici döyüşə hazırlaşır. Ukrayna müasir silahlarla təchiz edilib. İnformasiya çıxışı çox yüksəkdir. ABŞ və Qərb dövlətlərindən əhəmiyyətli dəstək alır. Rusiya isə bütün mənalarda tükənmək üzrədir. Çoxvektorlu sanksiyalar, müharibə nəticəsində itirilən canlı qüvvə və hərbi texnika, informasiya çıxışının zəif olması Rusiyanın məğlubiyyətini şərtləndirir. Rusiya mövcud şəraitdə bütün mənalarda Ukraynaya uduzur – həm müasir silahlar, həm informasiya təminatı, həm də daxili dəstək baxımından.

Bu baxımdan hesab edirəm ki, aprel ayında başlayacaq əks-hücum əməliyyatları müharibənin növbəti mərhələsi olacaq. Ukrayna böyük hərbi üstünlüklər qazanacaq. Bundan sonra isə Rusiyanın məğlub olacağı qaçılmaz görünür. Bu məğlubiyyətdən sonra Rusiyanın daxilində təlatümlər başlayacaq və yekunda ABŞ və Qərb öz məqsədinə nail olacaq. Martın axırından Rusiya geriyə saymağa başlayacaq və sona doğru sürətlə irəliləyəcək.

- Ukrayna maliyyə nazirinin müşavirisiniz. Bu ölkədə yaşayırsınız. Hazırda Ukraynada vəziyyət necədir? Əhali müharibənin davam etdirilməsini, yoxsa dayandırılmasını istəyir?

- Müharibə özü ilə bərabər problemlər də gətirir. Bu baxımdan Ukraynada da sosial-iqtisadi problemlər mövcuddur. İş yerlərinin sayı azalır, özəl müəssisələrin fəaliyyətində müəyyən fasilələr yaranır, devalvasiya baş verir. Ukrayna hökuməti əlindən gələni edir ki, biznes subyektləri çökməsin. Müəyyən yadrımlar, ciddi vergi güzəştləri tətbiq edilir. Qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları da bu prosesdə fəal iştirak edir.

Ukrayna əhalisi inamlı və ümidlidir. Burada müharibə təbliğatı çox yüksək səviyyədə aparılır. Dövlət və vətəndaş birliyi ən yüksək səviyyədədir. Ukraynalılar müharibədə qalib gəlmək üçün bütün məhrumiyyətlərə hazırdır. Anlayırlar ki, qələbə qurbanlar tələb edir. Müharibənin ilkin dövrlərində əhali arasında müəyyən təşviş olsa da, artıq bu təşviş də aradan qalxıb. Həyat öz axarında davam edir.

Müəllif: Azər Niftiyev