Rusiya Prezidenti: “ABŞ Ukraynaya silah tədarükünü dayandırsa, münaqişəni bir neçə həftəyə bitirmək olar”
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibənin danışıqlar yolu ilə həllinə nail olmaq istədiyini bildirib. AYNA rus mediasına istinadən bildirir ki, Rusiya lideri bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Ddanışıqlar praktiki olaraq başa çatdı. Biz qoşunları Kiyevdən çıxardıqdan sonra, qarşı tərəf bütün razılaşmaları kənara atdı və Qərb dövlətlərinin - Avropanın, ABŞ-ın göstərişlərini nəzərə aldı. Kiyev Rusiya ilə qələbənin sonuna qədər vuruşmaq yolunu seçdi”.
Rusiya lideri bildirib ki, Moskva heç vaxt Kiyevlə danışıqlardan imtina etməyib. Putin Ukrayna hakimiyyətini danışıqlara başlamağa çağırıb.
Bununla yanaşı, Rusiya lideri ABŞ-ı Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb. Onun sözlərinə görə, bu yolla Ukraynada münaqişəni bir neçə həftəyə bitirmək olar.
“Biz ABŞ rəhbərliyinə çatdırırıq: əgər həqiqətən döyüşləri dayandırmaq istəyirsinizsə, silah tədarükünü dayandırmalısınız - hər şey bir neçə həftə ərzində bitəcək”, - deyə Putin əlavə edib
Siyasətçi bildirib ki, bundan sonra Kiyevlə sülh sazişinin şərtlərinin müzakirəsinə başlamaq mümkündür.
Rusiya Prezidenti ABŞ-ı 2014-cü ildə Ukraynada dövlət çevrilişi təşkil etməkdə də ittiham edib. Onun sözlərinə görə, çevriliş MKİ-nin təşkilati dəstəyi ilə silahlı müxalifət tərəfindən həyata keçirilib: “Kiyevdə silahlı müxalifət dövlət çevrilişi həyata keçirib”.
Putin Ukraynadakı mövcud hökuməti qüsurlu adlandırıb: “Biz Rusiyada hesab edirik ki, 2014-cü ildən sonra baş verən hər şey, hakimiyyətin əsas mənbəyi dövlət çevrilişidir və bu mənada hətta bugünkü hökumət də qüsurludur”.