"Prezident Rəcəb Tayyib Ərdoğan Vladimir Putini Türkiyəyə səfərə dəvət edib”
Rusiya Prezidenti Vladimir Putin tezliklə Türkiyəyə səfər etməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyənin diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, Rusiya lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayır. Vurğulayıb ki, onlar həm ikitərəfli, həm də regional məsələlərin həllində dəfələrlə effektiv olduğunu sübut edən etibarlı dialoq qurublar.
Agentliyin mənbəsi yekun olaraq bildirib ki, "Prezident Rəcəb Tayyib Ərdoğan Vladimir Putini Türkiyəyə səfərə dəvət edib və biz bunun çox yaxın gələcəkdə baş tutacağını gözləyirik".
Daha əvvəl Putinin 2026-cı ildə Türkiyəyə səfər edəcəyi bildirilirdi. Türkiyəli diplomatik mənbə əlavə edib ki, Rusiya lideri artıq yüksək səviyyəli dəvət alıb. Lakin o səfərin tarixlərinin hələlik müəyyən edilmədiyini vurğulayıb.