Putin ruslardan daha çox uşaq sahibi olmağı və 80 yaşa qədər yaşamağı tələb edir

Dünya

08.05.2024 - 15:53

“Çoxuşaqlı ailənin olması bütün Rusiya xalqları üçün normaya, həyat tərzinə çevrilməlidir”

Rusiyada yaxın illərdə doğum səviyyəsinin və gözlənilən ömür uzunluğunun kəskin şəkildə artacağı gözlənilir. AYNA rus mediasına istinadən bildirir ki, bu vəzifələr Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Rusiya Federasiyasının 2030-cu ilə qədər və 2036-cı ilə qədər gələcək üçün milli inkişaf hədəfləri haqqında" fərmanında qoyulub.

Kremlin saytında yerləşdirilən sənədə əsasən, 6 ildən sonra ölkədə ümumi doğum əmsalı 1,6-ya, 2036-cı ilə qədər isə 1,8-ə yüksəlməlidir.

Ötən il “Rosstat”ın məlumatına görə, bu rəqəm 1,41-ə düşüb - son 17 ildə ən aşağı göstəricidir.

Putinin fərmanına əsasən, rusiyalıların ömür uzunluğu indiki 73,4 ildən 2030-cu ilə qədər 78 yaşa, 2036-cı ilə qədər isə 81 yaşa qədər artmalıdır. “Eyni zamanda, sağlam ömür uzunluğu göstəricilərində artımın sürətləndirilməsini təmin etmək lazımdır”, - sənəddə deyilir.

Putin 2018-ci ilin may fərmanlarında da eyni hədəfi – gözlənilən ömür uzunluğunu 78 yaş qoyub və buna 6 ildə nail olunmayıb.

Doğum səviyyəsinə gəlincə, hətta dövlət “Rosstat”ı da Putinin qarşıya qoyduğu məqsədlərə inanmır. Onun əsas demoqrafik proqnozu yalnız 2034-cü ilə qədər 1,6-ya çatacağını və ölkədə əhalinin təbii azalmasının hər il orta hesabla 500 min nəfər səviyyəsində davam edəcəyini nəzərdə tutur.

Putin 2012-ci ilin may fərmanlarında ümumi doğuş nisbətinin 1,75-ə çatdırılmasını tələb edib: bu, 2018-ci ilə qədər edilməli idi. Amma reallıqda doğulan uşaqların sayı üçdə bir azalıb və ötən il bu, 1999-cu ildən bəri ən aşağı göstərici olub - 1,264 milyon.

Putinin fərmanından belə çıxır ki, hakimiyyət “ənənəvi dəyərlərin” təbliğatını gücləndirməklə problemi həll etmək niyyətindədir. Belə ki, 2030-cu ilə qədər ölkədə bu cür “dəyərlər” əsasında “harmonik, inkişaf etmiş və vətənpərvər şəxsiyyətin tərbiyəsi üçün” şərait yaradılmalı və onların təbliğinə yönəlmiş mədəni məzmunun payı 70%-ə çatdırılmalıdır.

Putinin özü də bundan əvvəl rusları çoxuşaqlı olmağa çağırıb. Prezident qədim Rusiyanın orta əsr ənənələrini xatırladıb və bir ailənin 8 uşaq dünyaya gətirməli olduğunu deyib: “Gəlin bu gözəl ənənələri qoruyaq və yaşadaq.

“Çoxuşaqlı ailənin olması bütün Rusiya xalqları üçün normaya, həyat tərzinə çevrilməlidir”, - Putin ötən ilin noyabr ayında deyib.

Prezident demoqrafik problemlərin yalnız pul, müavinət, sosial ödənişlər və müavinətlərlə həllinin “qeyri-mümkün” olduğunu da vurğulayıb.

Müəllif: Ayna.az