“Putin hamını tualetdə məhv edəcəyinə söz verir”

Dünya

25.01.2024 - 10:14

Kremldən yeni təhdid: imperiyanın qərb qonşularında narahatlıq

“Latviya və digər Baltikyanı ölkələrdəki ruslar sərhəddən çıxarılır. Bu, Rusiyanın təhlükəsizliyinə birbaşa təsir edir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Onun iddiasına görə, hazırda Latviyada, digər Baltikyanı respublikalarda baş verənlər biabırçılıqdır: “Rusları sadəcə olaraq sərhəddən çıxarırlar. Görürsünüz ki, bunlar ölkəmizin təhlükəsizliyinə birbaşa təsir edən çox ciddi şeylərdir”.

2023-cü ilin sentyabrından Latviya ruslardan yaşayış icazəsini yeniləmək üçün latış dilini bilmə sertifikatı tələb edir. 2023-cü ilin aprelindən linqvistik testdən keçmək mümkün idi, iki cəhd verilir. Ölkənin səlahiyyətli orqanları uğursuz sınaq səbəbindən mindən çox insanın deportasiya təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib. Daha əvvəl bildirilmişdi ki, 3255 nəfərə yaxın rusa yaşayış icazələrinin müddəti bitdiyi və ya latış dili imtahanından keçmədiyi üçün mümkün deportasiya ilə bağlı xəbərdarlıq edilib.

Rusiya Federasiyasının Baltikyanı respublikalardakı müvəqqəti işlər vəkili Oleq Zıkov da miqrasiya ilə bağlı düzəlişlərə görə bir neçə min rusiyalının Latviyadan qovulmaq ərəfəsində olduğuna diqqət çəkib. Bundan əlavə, Kremlin sözçüsü Dmitri Peskov pensiyaçıların Baltikyanı ölkələrdən qovulmasını “utanc” adlandırıb. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu “təxribat və respublikanın rusdilli sakinlərini qorxutmaq məqsədi daşıyan addım” adlandırıb.

Bəs işğalçı ölkənin liderinin dilindən çıxan son ifadələr nə deməkdir? Bu, Putindən Baltikyanı ölkələrə bir növ xəbərdarlıqdırmı? Hücum ehtimalına dair bir işarədir, yoxsa fərqli bir şey?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Latviyalı jurnalist Yuris Ekşteyns (Liepaja):

“Söhbət ümumiyyətlə, Latviyada yaşayan ruslardan deyil, əvvəllər Latviya Respublikasının vətəndaşlığına malik olan və ya Latviya vətəndaşı olmayan, lakin ölkədə daimi yaşamağa davam edən müəyyən bir kateqoriyadan olan, Rusiya vətəndaşlığını qəbul etmiş şəxslərdən gedir. Bu yaxınlara qədər nədənsə bu insanlar dövlət dilini ibtidai səviyyədə belə, mənimsəmək ehtiyacından xilas olmuşdular. Halbuki, bu, Latviya Respublikasında yaşamaq icazəsi almaq üçün bütün müraciət edənlər üçün ümumi tələbdir.

Bundan əlavə, Rusiya vətəndaşlarının bu qrupu Latviyanın daimi sakininin bütün üstünlüklərindən, məsələn, Şengen zonasının əksər ölkələrində sərbəst hərəkət etmək, Latviyada məhdudiyyətsiz işləmək hüququ, Rusiyadan və ya Belarusdan ailə üzvlərini dəvət etmək imkanına malik idi. Eyni zamanda, bu insanlar Rusiya Federasiyasına və Belarusa vizasız gedib, bu ölkələrdə nədənsə “seçki” adlandırılan proseslərdə fəal iştirak edirdilər. Eyni zamanda, xaricdə daimi yaşayan Rusiya pasportlarının sahibləri, Rusiya qanunvericiliyinə uyğun olaraq, Rusiya Federasiyasında həqiqi hərbi xidmətə çağırılmırlar.

Latviyanın şərq qonşularının düşərgəsində daim eşidilən çağırışların bu gün kəskinləşməsi təhlükədir, yoxsa çağırış? Əlbəttə ki, təhdiddir. Amma bu çağırışlar heç yerdə yox olmur və təhdidlər onilliklər ərzində davamlı olaraq eşidilir. Sizə xatırlada bilərəm ki, 1999-cu ildə mərhum Boris Berezovski Baltik Xəbər Agentliyinin (BNS) sualını cavablandırarkən, əmin olduğunu söylədi ki, “Rusiya kəşfiyyatının təsiri Baltikyanı ölkələrdə heç vaxt sıfıra bərabər olmur”.

Kremldəki hazırkı isteriya nədən qaynaqlandı? Böyük ehtimalla, deyə bilərik ki, bütün bunlar xüsusi plan və ya Putinin bu ilin martında yeni prezidentlik müddətinə “yenidən seçilməsi” üçün xüsusi əməliyyat kontekstində baş verir.

Dörd il əvvəl eyni proses Latviyada yaşayan Rusiya vətəndaşları tərəfindən diktatora “şərtsiz dəstək” demək idi. Baxmayaraq ki, məsələ heç də “təsadüf” deyildi, Riqada və Latviyanın bir sıra digər şəhərlərində “səsvermə günü” səhər tezdən avtobuslar (bir yox, iki yox, çoxlu) Latviyada yaşayan rus seçicilərini Rusiya Federasiyasının diplomatik nümayəndəliklərinə gətirdilər və eyni dərəcədə geyimli, idmansayağı gəncləri diqqətlə izlədilər ki, tələb olunan iki kiloqram qarabaşaq yarması alan seçicilər təsadüfən seçki məntəqələrinin yanından keçməsinlər. O zaman dərc olunan rəqəmlərə görə, Putinin Latviyadakı elektoratı bu komediya zamanı Rusiya Federasiyası üçün kifayət qədər güclü resurs oldu.

Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzü başlayandan bəri dünyada çox şey dəyişdi. Baltikyanı ölkələrdə də dəyişdi”.

Siyasi analitik, Deutsche Welle-nin köşə yazarı Konstantin Eggert (Vilnüs):

“Baltikyanı ölkələrdə yaşayan Rusiya vətəndaşları üçün tələblərin sərtləşdirilməsi həqiqətən də baş verir, xüsusən də dövlət dilini bilməklə bağlı çox böyük problem olan Latviya və Estoniyada.

Bundan əlavə, son vaxtlar Baltikyanı ölkələrin hakimiyyət orqanlarının nöqteyi-nəzərindən bu dövlətlərə qarşı təbliğat və düşmənçilik fəaliyyəti ilə məşğul olan şəxslərə yaşayış icazələrinin uzadılmasından imtina ilə bağlı bir neçə hal baş verib. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalından sonra özlərini cəbhə bölgəsi hesab edən Baltikyanı ölkələrdə bu cür hallar, yəqin ki, hakimiyyətin bu ölkələrin təhlükəsizliyini gücləndirmək üçün edə biləcəyi minimumdur.

Putinin buna diqqət yetirməsi təsadüfi deyil. Təbliğat nöqteyi-nəzərindən, Rusiya daxilində “rusofobiya” haqqında hekayələri təbliğ etmək baxımından bu, kifayət qədər uduşlu bir kartdır. Amma mənim fikrimcə, bu, həm də əhalinin diqqətini Ukrayna cəbhəsində hələ heç bir uğur əldə etmədiyindən yayındırmağın bir formasıdır. Baxmayaraq ki, böyük uğursuzluqlar da yoxdur.

Bir çoxları bu barədə ilk danışanın Putin olduğunu, sonra bu mövzunu Lavrov, Zaxarova və “Bild” qəzetinə göndərdiyi məktubda Sergey Mironovun (Putinin “cibində” olan partiyalardan birinin lideri) götürdüyünü gördü.

Amma burada bunu başa düşmək vacibdir: Baltikyanı ölkələr və Polşa həqiqətən də Putin üçün böyük qıcıqlandırıcıdır. Və güman etsək ki, Putin öz hərəkətləri ilə bağlı xəbərdarlıq etməyi xoşlayır, o zaman onun Rusiya vətəndaşlarının Baltikyanı ölkələrdən çıxarılmasının Rusiyanın milli maraqlarına və milli təhlükəsizliyinə toxunan məsələ olduğu barədə sözləri ciddi qəbul edilməlidir. Baltikyanı ölkələrdə onları belə qəbul edirlər.

Məsələn, Baltikyanı ölkələrlə sərhədlərdə qoşunların cəmləşməsinə dair heç bir əlamət olmasa da, buna baxmayaraq qeyd etmək lazımdır ki, burada daim müdafiəyə hazırlıq gedir. Və çoxları hesab edir ki, Putin Baltik regionunda NATO-nun gücünü sınamaq qərarına gələ bilər. Putinin bunu etməyəcəyi söhbəti (çünki bu, dünya müharibəsi və NATO ilə toqquşma deməkdir) məntiqli görünür. Lakin biz bilirik ki, Putin ümumi məntiq nöqteyi-nəzərindən dayanmayan çox şeylər edib.

“Blitskrieg” ilə Ukraynanın nəzərdə tutulmuş işğalı zamanı bu cür aksiyaların sayından aydın görünür. Ona görə də bizim nöqteyi-nəzərimizdən, Qərbin nəzərindən mümkün deyil deyə Putinin nəsə etməyəcəyini düşünmək səhvdir. Putinin dünyaya öz baxışı var. O, Rusiyanın hücumu zamanı ABŞ və ya Qərbi Avropa müttəfiqlərinin Şərqi Avropa və Baltikyanı ölkələrin köməyinə gəlməyəcəyinə çox yaxşı inana bilər.

Və o, hesab edə bilər ki, NATO-nun bu regionda sınaqdan keçirilməsi cəhdi mümkündür və o qədər də baha başa gəlmir. Ona görə də bu cür ehtimalı tamamilə istisna etmək olmaz.

Mənim şəxsi nöqteyi-nəzərimə görə, Putin hələ də çətin ki, genişmiqyaslı bir işğal həyata keçirsin. Bunu etməyə cəhd etsə belə, buna hazırlıq əvvəlcədən görünəcək. Ancaq sərhəddə təxribat, bir qrup adi “nəzakətli adam”ın nişansız olaraq kiçik bir qəsəbəni qısa müddətə (hətta bir saatlıq) zəbt etməsi - Putin bu cür şeylərə əl atmağa cəhd edə bilər, xüsusən də əgər o hesab edirsə ki, bu vəziyyətdə onu heç nə təhdid etmir. Məsələn, əgər Vaşinqton özünü Avropa işlərindən uzaqlaşdırmaq istəyən təcridçi administrasiya tərəfindən idarə olunursa. NATO-nun bu cür məqamlar naminə müharibəyə başlamayacağını sübut etmək üçün bu cür təxribat mümkündür.

Bu isə NATO-ya zəif, daxildən parçalanmış təşkilat imicini verəcək. Ona görə də Baltikyanı ölkələrdə hər kəs hadisələrin istənilən inkişafına hazırdır və Putin, Lavrov və Zaxarovanın bəyanatları hazırlığı artırıb və Putin rejiminin lazım gələrsə, Mərkəzi Avropa və Baltikyanı ölkələrdə nə edə biləcəyi ilə bağlı narahatlığı artırıb”.

Estoniyalı politoloq Pieter Taym:

“Putin 24 ildir ki, hamını “tualetdə məhv edəcəyinə” və eyni müddət ərzində “Baltikyanı respublikaları azad edəcəyinə” söz verir. Biz gözləyirik və hazırıq. Bu il Estoniya ÜDM-in 3%-dən çoxunu müdafiəyə yatıracaq”.

Müəllif: Rauf Orucov