Şahmar Mövsümov: “Dünya təcrübəsi də bu infeksiya qarşısında aciz qalıb”
Koronavirus pandemiyası bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bir çox sahələrə təsir edib. AYNA bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, ölkə başçısının tapşırığı ilə xüsusi İşçi qrupu yaradılıb: “Karantin rejimi çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri tədbirlər görülür. Lakin bu gün yoluxmaların sayı yüksək olaraq qalır. Qaydalar qoyulub. Onlara riayət etməklə, sosial məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə və əlləri tez-tez yumaqla virusdan qorunmaq olar”.
“Hər kəs bu pandemiyanın nə zaman bitəcəyini soruşur. Bu gün bu sualın cavabını heç kəs bilmir. Əksər problemlərdə dünya təcrübəsinə müraciət edilirdi. Dünya təcrübəsi də bu infeksiya qarşısında aciz qalıb. Bunun nə zaman bitəcəyi barədə heç kim dəqiq informasiya verə bilmir”.
Prezidentin köməkçisi karantin rejiminin uzadılmasının əsas məqsədindən danışarkən qeyd edib ki, məqsəd zəncirvari yoluxmanı qırmaqdır.
“Karantin rejiminin sərtləşdirilməsi tək bizim ölkəmizdə deyil. Bu gün Qazaxıstan, Çin, İran, İsraildə də yenidən karantin rejimi tətbiq edilir. Hər şey cəmiyyətdən asılıdır. Cəmiyyət bir nəfər kimi tələblərə riayət etsə, bunun qarşısını almaq olar. Mənim də yaxınlarım var, onlara görə də narahat oluram. Odur ki, heç kim deməsin, beş dəqiqə maskasız küçəyə çıxsam, əlimi yumasam, heç nə olmaz. Bu riskli addımlardan çəkinin”, - deyə Mövsümov vurğulayıb.