Premyer Liqa təmsilçiləri cərimələniblər

İdman

27.02.2024 - 16:53

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasından AYNA-ya bildirilib ki, iclasda Azərbaycan Premyer Liqasının XXIV turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” 700 manat cərimə edilib. Həmçinin qəbələli azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “qırmızı-qaralar”a xəbərdarlıq edilib.

“Turan Tovuz” - “Neftçi” görüşündə ev sahibi komandanın azarkeşi tərəfindən meydana kənar əşya atıldığı, rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığı üçün bölgə təmsilçisi ümumilikdə 1800 manat cərimələnib.

Bundan başqa, Tovuz şəhər stadionunun 6 ədəd oturacağı qonaq komandanın azarkeşləri tərəfindən sındırıldığına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.

“Sabah”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” isə 700 manat ziyana düşüb.

Müəllif: Ayna.az