Yanğın söndürülüb, nüvə təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur
Polşanın Otvok şəhərindəki Milli Nüvə Tədqiqatları Mərkəzinin (NCBJ) Elm və Texnologiyalar Parkının laboratoriyasında yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə “TVN Warszawa” telekanalı məlumat yayıb.
Bildirilib ki, yanğın söndürülüb, nüvə təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur.
NCBJ-nin iqtisadi məsələlər üzrə direktor müavini Dariuş Soça televiziya kanalına deyib: "Nüvə mərkəzinin fövqəladə hallar xidmətləri çox sürətli hərəkət etdi, yanğınsöndürmə briqadası və polis hadisə yerində idi".
O qeyd edib ki, yanğının baş verdiyi obyekt tədqiqat nüvə reaktorundan xeyli aralıda yerləşdiyindən təhlükə yoxdur.
“TVN Warszawa” telekanalının istinad etdiyi qeyri-rəsmi məlumata görə, yanğın mərkəzin ikimərtəbəli kərpic binasının zirzəmisində elmi araşdırmalar zamanı baş verən ani partlayışdan sonra başlayıb. Təxminən 10 litr yanar material partlayıb və pəncərədən alov çıxıb. Hadisə digər tikililərə ciddi ziyan vurmayıb.
Telekanal xatırladır ki, NCBJ Polşanın ən böyük elmi-tədqiqat institutlarından biridir. Orada yerləşən MARİA reaktoru isə respublikada yeganədir.